Kremlin ikili siyasəti - MÜHARİBƏ BAŞLAYA BİLƏR

12:34 | 24.08.2019
Kremlin ikili siyasəti - MÜHARİBƏ BAŞLAYA BİLƏR

Kremlin ikili siyasəti - MÜHARİBƏ BAŞLAYA BİLƏR

"Türkiyənin manevr imkanları daralacaq”.

Politoloq Zaur Məmmədov Redaktor.az-a açıqlamasında avqustun 27-də Rusiya-Türkiyə prezidentlərinin görüşündə müzakirə ediləcək məsələlərə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Əsəd getməlidir deyən Ərdoğan bu gün fərqli mənzərə ilə üz-üzədir:

"Suriyada Türkiyə və Rusiya arasında fikir ayrılıqları, Əsəd ordusunun Türkiyənin "protektoratlığı” altında olan İdlibə hücumu haqqında son zamanlar çox danışılır. Avqustun 27-si Putin və Ərdoğan arasında çox vacib görüş olacaq. Görüşdə növbəti bazarlıq həyata keçiriləcək. Bu arada, təəssüf olsun ki, Türkiyə Cümhuriyyəti müstəqillik illərində milli hərbi sənayeni demək olar ki, qura bilmədi. Bu gələcəkdə Türkiyənin manevr imkanlarını ciddi şəkildə daraldacaq məsələdir. Türkiyə nəhayət başa düşdü ki, NATO Türkiyədən istifadə edirdi. Lazımi anlarda isə, o, silahlardan və texnikadan istidafədəyə icazə vermədi. Necə ki, Patriotlar Türkiyədə ola-ola onlardan istifadə olunmurdu”.

"Atlas” Araşdırmalar Mərkəzi də məsələni təhlil edib. Təhlildə bildirilib ki, görüşün vaxtının dəyişdirilməsi bir çox məqamlardan xəbər verir:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 27-də təcili Moskvaya gedib rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Halbuki, sentyabrın 16-da görüşməli idilər. Ərdoğan üçün bu tarix gecdir. Avqustun 27-də müzakirə olunacaq yeganə mövzu İdlibdir. Birincisi, İdlibə hücum başlayacağı halda yüzminlərlə qaçqın axını Türkiyə sərhədinə dirənəcək, bu Türkiyənin növbəti humanitar böhranla üz-üzə qalması deməkdir. İkincisi, Türkiyənin İdlib ətrafında hərbi postları var. İdlibə hücum genişlənərsə, həmin hərbi postlara təhlükə yaranacaq. Bu halda Suriya ordusu ilə Türkiyə ordusu arasında toqquşma ehtimalı artacaq. Bu isə iki dövlət arasında müharibənin rəsmən başlanmasını sürətləndirəcək. Bunu nə Ankara, nə Moskva, nə də ki Dəməşq istəyər. Ancaq Dəməşq ölkə ərazisini terrorçulardan və silahlı müxalifətdən azad etməkdə də israrlıdır. Üçüncüsü, İdlibdə Türkiyənin dəstəklədiyi silahlı qruplar var ki, Ankara həmin qrupların məğlub olmasını istəmir. Ancaq həmin qruplar həm Suriya ordusundan, həm də terrorçulardan zəifdirlər”.
 

Təhlildə vurğulanıb ki, buna baxmayaraq, Əsəd Moskvanın razılığı ilə İdlib ətrafına hücumu genişləndirir:

"Əslində həm Əsədin, həm də Moskvanın məntiqi sadədir. İdlib terrorçuların son yuvasıdır və bu şəhəri terrorçulardan təmizləmək lazımdır. Ankara bu məntiqin qarşısında "Yox, terrorçulara qarşı savaşı dayandırın!” deyə bilməz. Ancaq Ankara yuxarıda sadaladığımız 3 səbəbə görə idlibin Suriya ordusunun nəzarətinə keçməsini istəmir. Digər tərəfdən Suriya ordusu İdlibə nəzarəti tam ələ keçirsə, Dəməşq Türkiyə ordusunun Suriyanın digər məntəqələrini də tərk etməsini tələb edəcək”.

Təhlildə qeyd edilib ki, Kreml ikili siyasət yürüdür:

"Rusiya bir tərəfdən Əsədin Suriya içərisində əlinin güclənməsini istəyir və onun ordusunun hücumlarına dəstək verir. Kreml sahibi Vladimir Putin digər tərəfdən türkiyəli həmkarı Ərdoğanla münasibətləri pozmaq istəmir. İki dövlət arasındakı münasibətlər və ortaq layihələr son illərdə elə böyük miqyas alıb ki, iki lider bir-birləri münasibətləri poza bilməzlər. Buna baxmayaraq, Kreml İdlibin Suriya ordusunun nəzarəti altına keçməsini Türkiyə ilə strateji münasibətlərdən daha üstün tutur. Türkiyə "S-400” raketlərini artıq alıb və "türk axını” layihəsi bitmək üzrədir, bunlar geri dönüşü olmayan layihələrdir. Ona görə də Putin Ərdoğanın Rusiyadan üz döndərməyəcəyinə, İdlib məsələsində arqumentinin güclü olduğuna əmindir. Çünki Ərdoğan ötən ilin sentyabr ayında Putinə söz vermişdi ki, İdlibdə silahlı müxalifəti terrorçulardan ayıracaq və şəhər silahlı müxalifətin nəzarətinə keçəcək. Ərdoğan bunun reallaşması üçün təxminən bir ay vaxt istəmişdi. Bir ilə yaxın keçən müddətdə bu vədi reallaşdırmaq obyektiv səbəblərdən mümkün olmadı. Çünki idlibdə terrorçular daha güclüdür və onlar silahlı müxalifəti şəhərdən sıxışdırıb çıxardıblar”.

Təhlildə Ərdoğanın Putinlə İdlib mövzusunda söhbətdə mövqeyinin zəiflədiyi bildirilib:

"Ancaq Ərdoğan Putinə onu da deyə bilər ki, vaxtilə Rusiya və Suriya orduları bilərəkdən bütün şəhərlərdən qovduqları terrorçuların ailələri ilə birgə İdlibə toplanmasına şərait yaratdılar. Ərdoğan Putini inandırmağa çalışacaq ki, Suriya ordusu hücumu dayandırsın və bölgədə Türkiyənin haqlı maraqları nəzərə alınsın. Putinin atəşkəs vədi verəcək, ancaq vədin yerinə yetirilməsi uzun çəkməyəcək. Putin bu məsələdə sınanmış tarixi məntiqdən çıxış edir. Hərbi meydanda güclü olan diplomatik danışıqlarda da əlini gücləndirir”.
 
(redaktor.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb