Laçın dəhlizi və Ağdam yolu ilə humanitar yüklər növbəti dəfə Xankəndinə aparılıb - BQXK

09:36 | 18.09.2023
Laçın dəhlizi və Ağdam yolu ilə humanitar yüklər növbəti dəfə Xankəndinə aparılıb - BQXK

Laçın dəhlizi və Ağdam yolu ilə humanitar yüklər növbəti dəfə Xankəndinə aparılıb - BQXK

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) sentyabrın 18-də Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb. Bu barədə qurumun yaydığı məlumatda deyilir. 
 
"Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır. Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb”, - BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer deyib. 

Qurum açıqlayıb ki, hər iki yoldan(Laçın dəhlizi və Ağdam yolu nəzərdə tutulur) istifadə edilməsi istiqamətində danışıqlar aparılırdı. 
 
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını  Ağdam rayonundan keçərək  Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb. 
 
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
 
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yükdür. 
 
BQXK Cənubi Qafqazda 1992-ci ildən etibarən fəaliyyət göstərir və Laçın koridoru ilə əməliyyatlar həyata keçirən yeganə beynəlxalq təşkilatdır.

Beynəlxalq Qızıl Xaç Komitəsi neytral, qərəzsiz və müstəqil təşkilatdır və onun müstəsna humanitar mandatı 1949-cu ilin Cenevrə Konvensiyaları əsasında müəyyən edilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM