Lari dəyərini itirir

17:41 | 12.09.2015
Lari dəyərini itirir

Lari dəyərini itirir


Ötən ilin noyabr ayından etibarən ucuzlaşmağa başlayan gürcü larisinin enişi hələ də davam edir. Gürcülər milli valyutalarının dəyəri ilə yanaşı öz gəlirlərini də itirir. Amma bu vəziyyət Azərbaycandan Gürcüstana gedənlər üçün sərfəlidir.

ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, xarici valyutalar qarşısında 10 ay ərzində yarım laridən artıq dəyər itirən Gürcüstanın milli valyutası özünün ən pis dövrünü yaşayır.

Məsələn, noyabrda 1 ABŞ dolları 1.75 lariyə dəyişdirilirdisə, bu gün bu rəqəm 2.40-a yaxınlaşıb. Və rəqəmlərdəki artım durmadan davam edir. Avronun ölkədəki rəsmi məzənnəsi isə 2.66 lari təşkil edir. Azərbaycan manatı da larinin enməsi qarşısında daha da möhkəmlənərək deyilən müddətdə 2.10 laridən 2.25 lariyədək dəyər qazanıb. Bu isə Gürcüstanda, xüsusilə azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda valyutadəyişmə məntəqələrinə manatla müraciət edən müştərilərin sayına təsir göstərib.

"Burda manat bahalandığına görə, Azərbaycandan gələn müştərilərimiz daha da çoxalıblar. Dollar dəyişənlər isə azalıb. Kimdə də dollar varsa, məhz onlar bahalaşma ilə bağlı olaraq dolların satışını həyata keçirmirlər, saxlayırlar”, - deyə valyuta dəyişən Nəsimi Həsənov bildirib. 

Müştəri Müsafir Tanrıverdiyev deyir ki, Azərbaycandan bura gələnlər manatı lariyə dəyişir: "Bu zamanı onların əlində böyük miqdarda pul olur. Bu isə bizə xeyir eləmir, dollar da onun kimi."

İqtisad elmləri doktoru, professor Lia Eliava milli valyutanın bu dərəcədə dəyər itirməsini onunla izah edir ki, Gürcüstandan sərmayə çıxışı mədaxillə bağlana bilmədiyindən ötən ilin sonlarında lari enməyə başladı. Milli Bankın isə öz valyutasını dəstəkləməkdən imtina etməsi vəziyyəti bu həddə gətirib çıxartdı. 

Ekspertin sözlərinə görə, larini dəyərdən salan digər məqam Türk lirəsinin ucuzlaşmasıdır:

"Gürcüstan iqtisadiyyatı Türkiyə iqtisadiyyatı sıx əlaqəlidir. Bu ölkə bizim əsas idxalçımızdır. Türkiyədən ölkəmizə mədaxilin həcmi yetərincə böyükdür. Bu səbəbdən də Türk lirəsinin enməsi gürcü milli valyutasının da vəziyyətində aydın görünür”. 

İdxalatdan asılı olan Gürcüstan üçün larinin enməsi iqtisadiyyata mənfi təsir göstərir. İnflyasiyanın yüksəlişi fonunda əhalinin gəlirlərinin azalması ölkə iqtisadiyyatını çətin vəziyyətə salıb. 

Ekspertlərin proqnozları isə ürəkaçan deyil. Belə ki, gürcü larisinin enişinin tədricən davam edəcəyi deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM