Bunu APA-ya açıqlamasında Latviyanın yeni təyin olunmuş regional inkişaf və ətraf mühit naziri, milliyyətcə azərbaycanlı Roman Naudinş bildirib.O təəssüflə qeyd edib ki, keçirdiyi görüşlərdə Avropada əksər insanların Qarabağ problemi ilə bağlı ətraflı məlumata malik olmamasının şahidi olub: “Çoxları elə bilir ki, münaqişənin adından göründüyü kimi, yalnız Dağlıq Qarabağ işğal olunub. Ətraf 7 rayonun işğalı haqqında isə ümumiyyətlə, xəbərsizdirlər. Mən keçirdiyim istənilən görüşün formatından asılı olmayaraq, qeyri-rəsmi hissədə vaxt ayırıb avropalılara Qarabağ problemi ilə bağlı izahat verirəm. Hərçənd hərdən mənə irad tutulur ki, bu cür söhbətlər rəsmi və vəzifə mənsubiyyətimə uyğun deyil. Amma mən buna yox, reallığın Avropadakı bəzi insanlara çatdırılmasına çalışıram. Axı necə ola bilər ki, XXI əsrdə Avropanın düz qonşuluğunda heç bir əsas olmadan qonşu ölkənin torpaqlarını tutasan və əhalisini də qırasan? Bu böyük haqsızlıq və siyasi ədəbsizlikdir. Mən hər bir imkandan istifadə edib Avropada bu problemlə bağlı həqiqətlərin aydınlaşmasına çalışıram. Çünki mən Latviyanın naziri olsam da, həqiqəti deməliyəm ki, kökümün mənsub olduğu Azərbaycan torpaqları Ermənistan tərəfindən işğala məruz qalıb”.R.Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən rayonundandır.Qeyd edək ki, “APA Holding”in Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Sərhəddən kənar azərbaycanlılar...” adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.ANN.Az