Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın İTAR-TASS agentliyinə müsahibə verib.
Şirkətin baş direktorunun birinci müavini Mixail Qusman ilə söhbətdə S.Lavrov beynəlxalq siyasətin aktual məsələləri ilə yanaşı Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü barədə də danışıb.
“Bu görüşdən hansısa irəliləyiş gözləmək olar, yoxsa bu, sadəcə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlmiş bir addımdır?” sualının cavabında Rusiyanın xarici işlər naziri qeyd edib ki, bu həftənin sonunda Soçidə Rusiya prezidentinin əvvəlcə Ermənistan prezidenti ilə, sonra isə Azərbaycan prezidenti ilə ayrı-ayrılıqda görüşləri nəzərdə tutulur.
S.Lavrov deyib: “Əlbəttə, qoşunların təmas xətti deyilən ərazidə baş verən hadisələr bizi narahat edir. Tərəflər bir-birini təhrikçi hərəkətlərdə ittiham edir. Əvvəllər də belə olub. Təəssüf ki, uzun illər boyu vaxtaşırı bu cür toqquşmalar müşahidə olunur. Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda vəziyyətin kəskinləşməsinə görə məsuliyyəti Ermənistanın üzərinə qoyub. Lakin bu dəfə hər şey çox kəskin şəkildə təqdim edilir və qarşılanır. Xeyli insan həlak olub. Başqa ölkələrlə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) ilə yanaşı biz də tərəfləri maksimum təmkin nümayiş etdirməyə, növbəti dəfə zorakılıq təzahürünə gətirib çıxara biləcək hər hansı hərəkətlər etməməyə çağırdıq”.
Musavat.com