Lənkəran-Lerik yolunda sürüşmə sahələri aktivləşib

16:00 | 11.10.2017
Lənkəran-Lerik yolunda sürüşmə sahələri aktivləşib

Lənkəran-Lerik yolunda sürüşmə sahələri aktivləşib

"Son günlər respublika ərazisində müşahidə edilən leysan yağışları sürüşmə sahələrini aktivləşdirib, yeni sürüşmə sahələri yaranıb”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Onun sözlərinə görə, hazırda Lerik-Lənkəran yolunun bir neçə kilometrliyində sürüşmə sahələri aktivləşib:

"Həmin yolda yeni sürüşmə sahələri yaranıb. Xüsusən də, yolun 17-32-ci kilometrliyində sürüşmə sahələri daha aktivdir. Bu yol bir neçə gün bağlandı, yenidən hərəkət üçün açılsa da, vəziyyət gərgin olaraq qalır. Lerikin Piran kəndində çayın daşması nəticəsində yaxınlıqdakı bəzi evlərin həyətyanı sahələrini sel yuyub. Bu günlərdə mütəxəssislərimiz həmin əraziyə gedib vəziyyətlə yerindəcə tanış olacaqlar. Astara-Lənkəran rayonlarında atmosfer çöküntülərinin həddən artıq çox olması səbəbindən bəzi kəndlərdə subasma halları yaşanmışdı. Lakin bu ərazilərdə sürüşmə halları qeydə alınmayıb. Hazırda əsas aktivlik Lənkəran-Lerik yolundadır”.

Ə.Qaralov bildirib ki, Bakıda və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb:

"Günəşli yaylası, Zığda, Masazırda Zəli gölü deyilən ərazidə, Hökməli "Bozdağ” vulkanının yaxınlığındakı evlərdə çatlar yaranıb və bu sahələrdə aktivlik müşahidə edilir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM