Çimərlik mövsümü başlayır. Yerli sakinlərin demələrinə görə, Xəzərin sahilində yerləşən və 50 mindən çox əhalisi olan Lənkəranda pulsuz yararlı çimərlik yoxdur. Şəhərin şimal hissəsi, Xəzərin sahili bölünüb. Hər addımda çayxana fəaliyyət göstərir. Kimsə burada çimmək istəsə, gərək çayxanaların birində çay sifariş verə.
Sakinlər deyir ki, sahilin bu hissəsi qumsal deyil, istirahət etmək üçün yararsızdır. Xəzər sahilinin şəhərlə bitişik olan qalan hissəsini də zəbt ediblər. Buralar qumsaldır.Vaxtı ilə şəhər sakinləri ən çox bu ərazilərə gəlirdilər. Bir sözlə, burda olan çimərliklər pulludur. Məsələn, «Beluqa» istirahət mərkəzinin nəzarət etdiyi çimərliyə giriş 1 manatdır.
«XƏZƏR DƏNİZİ İLƏ GÖRÜŞ PULLUDUR»
Yerli sakinlərdən Rahim Nuriyev də deyir ki, Lənkəran şəhərinin ərazisində rəsmi çimərlik yoxdur. Halbuki, şəhərin bir hissəsi Xəzərin sahilini əhatə edir:
«Rəsmi çimərlik yoxdur, zəbt ediblər. Hərəsi bir yer götürüb, giriş pulludur. Xəzər dənizi ilə görüş pulludur. Sütəmordov tərəfdə yaxşı çimərliklər var. Keçən il nəvəmlə ora getmişdim. «Beluqa»da giriş üçün məndən pul aldılar, 1 manat. Bir neçə ildən sonra Xəzərin sailinə çıxa bilmərik».
Eyni mənzərəyə Astara şəhərinin Xəzərlə olan sahilində də rast gəldik. Sahilin İran sərhədinə yaxın olan ərazisinə heç kim buraxılmır. Halbuki, sovet dönəmində həmin yerlərdən çimərlik kimi istifadə olunurdu. Burada sailbərkitmə işləri də görülüb. Sahil daşla, betonla doludur. Çimməyə yararlı deyil. Ondan sonra yeni salınmış bulvar-park gəlir. Şəhər sakinlərinin ən yaxşı çimərlik yeri «Sovtrans» deyilən ərazinin yanındadır. Ötən il bu ərazilər vətndaşların üzünə açıq idi. Bu il isə həmin ərazilər müxtəlif adamlar arasında bölünüb. Burada ərazilər hasara alınır. Bunların kimlərə məxsus olduqlarını aydınlaşdıra bilmədik.
SAHİL QUMLARI SATILIR...
«Sovtrans» deyilən yerdə isə istirahət üçün evlər tikilib. Sahildə səhərdən axşama kimi traktor işləyir və maşınlara qum vurulur. Bir maşın qum 50 manatdan 100 manatadək satılır. Çimərlik tamamilə yararsız hala salınıb.
«DƏNİZ SAHİLİ BÖLÜNÜB»
Astara şəhər sakni Elçin İbrahimli də deyir ki, pulsuz çimərlik yoxdur:
«Ötən il var idi. Bu il, görünür, çimərlik olmayacaq. Dəniz sahili bölünüb. Bilinmir ki, sahilə buraxmaq üçün bizdən pul alacaqlar, ya yox. Hər halda, yerli hökumət bir şey fikirləşməlidir. Bəlkə birinin pulu yoxdur. Belə çxır ki, pulu olmayan normal şəkildə dənizdə çimə bilməz? Halbuki qanun var ki, sahil dövlətə məxsusdur, ayrı-ayrı şəxslərə yox».
RƏSMİLƏR SUSUR...
Çimərliklərlə bağlı vəziyyətə aydınlıq gətirmək üçün Astara şəhər icra nümayəndəliyinə müraciət etdik. Ordan bizə rayon icra aparatına üz tutmağı məsləhət gördülər. Aparatdan isə suallarımıza cavab verən olmadı. Lənkəran şəhər bələdiyyəsi də bizə hər hansı mövqey bildirmədi. (azadliq.org)
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !