"Leş ət” mafiyasının Bakının bazar və dükanlarında piştaxtalara murdar ət tədarük etməsi yeni söhbət deyil.
Anews.az xəbər verir ki, illərdir ölkənin dörd bir tərəfindən murdar ət paytaxta daşınır, konkret ünvanlarda qablaşdırılaraq, satışa hazır vəziyyətə gətirilərək satılır.
"Leş ət” mafiyasına qarşı hüquq-mühafizə orqanlarının fəaliyyəti yetərli deyil. Bu gün murdar ət satan tutulur, sabah isə yenə də işini davam etdirir.
"Facebook" istifadəçisi Teymur Həsənov murdar ət satan birinin fotosunu paylaşayaq yazıb: "2-3 ay bundan öncə at əti satdığına görə bu adamı tutmuşdular. Əsgər yoldaşımdı. Keçən həftə təsadüfən gördüm. Dedi, yenə həmin işdəyəm, pis deyil qazancım. İstəsən, gəl, birlikdə işləyək. At ətini dönərxanalara satır. Mənə maraqlı olan bunun nə satması, hara satması deyil. Cəhənnəmə satsın. Bəs bu adamı necə azadlığa buraxdılar? Belə adamlara həbs düşmürmü? Adam at əti satdığına görə tutulmuşdu, amma indi azadlıqdadır”.
Bu statusa yazılan şərhlər də maraqlıdır. Məsələn, Şakir Məmmədov adlı istifadəçi yazır: "Biz hamımız, bilmədən o qədər at əti yemişik ki. Kolbasanın 70 faizi at ətidir. Kolbasa ona görə ucuzdur”.
Hər kəsi narahat edən bu mövzunun mətbuatda uzun illərdir müzakirə olunmasına baxmayaraq, "leş ət” mafiyasını dayandırmaq mümkün olmur. Ölkənin dörd bir tərəfindən paytaxta at-eşşək, ölmüş mal-qaranın ətini daşıyıb gətirirlər. Tutuldular, cərimələrini ödəyib işlərinə davam edirlər. Kənardan baxanda belə görünür ki, sanki hüquq-mühafizə orqanları, müvafiq qurumlar "leş ət” mafiyasının qarşısında acizdirlər. Doğrudanmı, belədir?
Leş ətlərin və onlardan hazırlanan kolbasa məhsullarının əhaliyə satılması ilə bağlı məsələ də diqqət mərkəzindədir. Leş ətlərdən istifadə edən şirkətlər cərimələnmir. O səbəbdən ki, qanunda həmin əti alanın cəzalanması nəzərdə tutulmur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov leş ətlərlə bağlı 15 ildən yuxarıdır ki, mübarizə aparıldığını, lakin istənilən nəticənin ortada olmadığını deyir.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı dövlət orqanlarına illərdir ki, məlumat verirlər: "Mən istəyirəm ki, dövlət orqanları bu cinayətləri ifşa etsinlər. Lakin çox vaxt bu, mümkün olmur. Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu məsələ ilə bağlı yaxşı işlər görür. Yerlərdə leş alverinə göz yumulur. Hamı bilir ki, leş alveri insanların gözü qarşısında baş verir. Ölmüş heyvanın ətini alıb kolbasa istehsalçılarına satırlar. Gözqamaşdıran qablaşdırmada həmin ölmüş heyvanın ətini də əhali bəh-bəhlə yeyir. Leş ət ölmüş heyvan ətidir. Heyvan dayanan yerdə ölmür, xəstələnir, virus, mikrob daşıyıcısına çevrilir, ölür. Həmin heyvanın ətindən hazırlanan qida insan orqanizminə virus, mikroblar keçirə bilər. İnsan həmin ətdən hazırlanan qidadan ən təhlükəli xəstəliklərə yoluxa bilər. Mədə-bağırsaq, sağalmaz və əlacı olmayan viruslar o ətlərdən yoluxur. Müvafiq dövlət orqanları da işlərini formal addımlar atmaqla bitmiş hesab edirlər. Söhbət əhalinin qida təhlükəsizliyindən gedirsə, belə bir mövqe yolverilməzdir. Leş əti daşıyıb gətirəni cərimələyirlər, amma həmin ətin sifarişçisi kənarda qalır. O da bir başqasına həmin o əti sifariş verir. Yəni sifarişçilər cəzalandırılmır, ona görə də tələbin qarşılığını ödəmək istəyənlər də ortaya çıxır. Əsas sifarişçilərdir, onların yaxasından yapışıb cəzalandırmalı və bunu ictimaiyyətin gözü qarşısında etməlidirlər ki, bir daha həmin şirkətlərin məhsullarını alan olmasın”.
Yada salaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Tahir Kərimli leş ətlərin satılmasının qarşısını almaqla bağlı fikirlər bildirmişdi. Demişdi ki, "leş ət” mafiyasına qarşı polis orqanları ilə baytarlıq idarələri birgə əməliyyatlar keçirməlidir.
"O ki qaldı qanunvericilik qaydasına, hüququn bir mənbəyi də adətdir. Bizim adətimiz var və bu, qanun şəklini almalıdır. Müsəlman xalqları var, məsələn, qazaxlar, qırğızlar at əti yeyir. Azərbaycanda isə bu əti yeyən yoxdur. Bizim milli mətbəximizdə at və eşşək əti yoxdur. Düşünün, bir insan ləzzətlə kabab yeyir. Gəlib ona deyirlər ki, yediyin kabab eşşək ətidir, o, hansı vəziyyətə düşər? Onda psixoloji problem və eyni zamanda, müxtəlif xəstəliklər yaranar”, - deyə Tahir Kərimli bildirmişdi. Demişdi ki, məsələnin Cinayət Məcəlləsində xüsusi maddə şəklində yer almasına ehtiyac var: "Özlərinin tamahına görə, insanlara at və eşşək, qocalmış inək və müxtəlif ölkələrdən heyvan əti gətirib kolbasa şəklində yedirdirlər. Bunun hüquqi nizamnaməyə salınmasına ehtiyac var”. Deputat onu da əlavə edib ki, Ağsu rayonunun Nuran kəndində bir eşşək 50 manata satılır: "Bir neçə il əvvəl bu kənddə yas məclisində idim. Dedilər ki, nə qədər eşşək var, hamısını 50 manatdan alıb aparıblar”.
Zaman-zaman mətbuatda bu cür məlumatlar yer alır. Ağsunun Nuran kəndində eşşəyi 50 manata alanlar təkdırnaqlı heyvanı hara aparırlar? Əlbəttə ki, eşşək kəsilir və bazara aparılır. Deməli, bu cür ətlərə bazarda tələbat var. Hüquq-mühafizə orqanlarının diqqətdən yayınan "leş ət”i bazara çıxarmağa nail ola bilirlərsə, deməli, ortada çox ciddi iş, biznes və bu biznesin arxasında dayanan qüvvə var. Nəticədə bu cür ətlər ət məhsulları istehsalçıları tərəfindən alınır və kolbasa sexlərinə, kafe və restoranlara "ayaq açır”.
Bu suala Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov çıxış yolu kimi bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə və nəzarətin artırılmasına ehtiyac olduğunu demişdi.
"Bu insanlar nə haqla o ətləri insanlara yedirdirlər? Hamımız müsəlmanıq, at ətini, murdar ətləri, ölmüş heyvanların ətini gətirib insanlara yedirdirlər. Bunun qarşısını almağa maksimum çalışırlar. Hüquq-mühafizə orqanları, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri çalışırlar ki, bu halların qarşısını alsınlar. Ancaq bu halları ortaya çıxarmaq çox çətindir. İnsan özü də başa düşməlidir ki, pul xətrinə başqa insanları zəhərləmək olmaz. Bu sahədə sərt qanunlar var, ancaq onları daha da sərtləşdirməyə ehtiyac var ki, zərərçəkənlər olmasın. Bu ətlər daha çox əhaliyə ictimai iaşə obyektləri vasitəsilə yedirdilir, leş ət satanlar kafe və restoranlarla əlbir işləyirlər. Bu obyektlərin sahibləri də həmin ətlərdən istifadə etməməlidirlər. Birincisi, hüquq-mühafizə orqanları bu sahədə çox ciddi işləməlidirlər, yerli sahə müvəkkilləri bu işdə fəal olmalıdırlar. Çünki onlar hər şeydən məlumatlı olurlar. İkincisi də, bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin birbaşa səlahiyyətində olan məsələdir. Onlar normal işləyirlər, keyfiyyət məsələsinə nəzarət edirlər. Ancaq hu sahədə işi gücləndirmək lazımdır”, - deyə deputat bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !