Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - EKSPERTLƏR DANIŞIR

09:27 | 03.12.2021
Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - EKSPERTLƏR DANIŞIR

Lirənin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - EKSPERTLƏR DANIŞIR

2021-ci il dekabron 3-ə Türkiyə lirəsinin dollara nisbətən məzənnəsi 1 ABŞ dolları üçün  13.4067 TL təşkil edir. Noyabrın 27-də 1 USD  12,43 TL-ə satılırdı. Bu barədə Türkiyə Mərkəzi Bankının rəsmi saytı xəbər verir. 

Bəs Azərbaycanın ticarət tərəfdaşlarından biri olan Türkiyədə maliyyə dəyişiklikləri , Azərbaycan manatı və iqtisadiyyatına necə təsir göstərə bilər?

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan manatının məzənnəsi birjalarda deyil, inzibati qaydada, Mərkəzi Bank və hökümət tərəfindən müəyyənləşdirildiyi üçün dünya bazarlarında və ya qonşu ölkələrdə baş verən hadisələrin manata birbaşa təsiri yoxdur.  Onun sözlərinə görə,  lirənin ucuzlaşması Türkiyənin Azərbaycana ixrac etdiyi mal və məhsulların artımına səbəb ola, ölkələrarası ticari əlaqələrdə müsbət dinamika gözlənilə bilər

"Türkiyədə lirənin ucuzlaşmasının Azərbaycan valyutasına ancaq psixoloji təsirləri var. Ciddi iqtisadi-siyasi əlaqələrimiz olan, qardaş ölkə saydığımız Türkiyədə bunlar baş verirsə, bunun nə vaxtsa Azərbaycanda təkrarlanması ehtimalından danışılır. Bu da manatın məzənnəsinə psixoloji təsir yaradır. Birbaşa asılılıq isə yoxdur.Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir. Azərbaycandan isə Türkiyəyə əsasən, neft-qaz məhsulları, kənd təsərrüfatı məhsulları - bəzi pendir növləri, çay, meyvə-tərəvəz, bəzi sənaye məhsulları və sair ixrac olunur. Həmin məhsullarında qiymətində bahalaşma olmayacaq, tam əksi yalnız müsbət irəlləyişlər müşahidə ediləcək. Türkiyədə bu məhsulların bahalaşması məsələsi istisna edilmir. Ümumiyyətlə, lirə dəyər itirdikcə, qardaş ölkədə məhsulların qiyməti artır və artmaqda davam edəcək   ", - deyə Natiq Cəfərli məlumat verdi. 

Maliyyə eksperti Əkrəm Həsənov bildirir ki, Azərbaycan öz mallarını Türkiyə bazarında lirə ilə satsa idi bu ucuzlaşmanın təsiri olardı, hazırda isə iqtisadiyyatda yalnız müsbət irəlləyiş ola bilər. 

"Türkiyə bazarında lirə ilə satılan məhsulu biz dollar ilə alırıq deyə Azərbaycan iqtisadiyyatına və oradan alış-veriş edən xalqımız üçün mənfi heç bir təsir olmayacaq. Rusiyada rubl ucuzlaşsa idi bunun bizə təsiri olacaqdı, çünki həmin ölkənin bazarında məhsul satan həmyerlilərimiz çoxdur. Eləcə də kənd təsərrüfatı mallarımız orada çoxdur. Yəni rublun dəyişməsi təsir edərdi, amma lirənin yox ", - deyə ekspert dedi. 

Əkrəm Həsənovun sözlərinə görə, lirənin ucuzlaşması iqtisadi faktorlardan asılı olsa idi artıq bu dəyərsizləşmə dayanmalı idi. 

"Lakin qərbin açıq müharibəsi, siyasi arenada olan məsələlərə görə təəssüf ki, bu ucuzlaşma hələ davam edəcək”, - deyə o, əlavə etdi. 

Mərkəzi Bankın sədri  Elman Rüstəmov isə bu ucuzlaşmanın Azərbaycana təsir etməyəcəyini açıqlayıb. 

"Azərbaycan və Türkiyənin maliyyə bazarları qarşılıqlı əlaqədə deyil. Ola bilər ki, ticarət balansı ilə bağlı müəyyən təsirləri olsun,  amma birbaşa təsirini biz görmürük", deyə sədr ictimaiyyətə açıqlamasında deyib. 

Türk lirəsinin tarixi ucuzlaşmasından sonra Türkiyə İşçi Partiyası Türkiyə Mərkəzi Bankının İstanbul şöbəsinin qarşısında aksiya keçirərək  hökuməti istefaya çağırıb. Ankarada bir çox vətəndaş Türkiyə Kommunist Partiyasının aksiyasına qoşularaq "hökumət istefaya getməlidir” şüarları səsləndirib. 
(etirazdan görüntülər : https://youtu.be/HMNpOnQ-CCo


Türkiyədə yer alan etirazlar nəticəsində hakimiyyət dəyişərsə bu Azərbaycana nə kimi təsir edə bilər? 

Siyasi şərhçi Əziz Əlibəyli lirənin ucuzlaşması fonunda müxalifət Ərdoğanın hakimiyyətdən getməsini tələb edir. Lakin Türkiyədə 2023-cü ilə kimi seçkilər olmayacaq və hakmiyyət dəyişimi gözlənilmir

"Ərdoğan getdiyi təqdirdə gələcək alternativ rəhbərlər ilə ciddi şəkildə problemlər yaşana bilər. Müharibə dönəmində gördük ki, Türkiyədə digər partiyaların rəhbər şəxsləri anti-Azərbaycan təbliğatı apardılar.  Bu kimi faktorlara əsasən, düşünmək olar ki, hakimiyyət dəyişsə problem yaranacaq. Amma bir məsələ də var ki, Azərbaycan-Türkiyə münasibətləri strateji bağlar üzərində qurulub. Strateji əhəmiyyətli bu münasibətlər hakimiyyət dəyişikliyi ilə pozula bilməz. Əgər nəzərə alsaq ki, tarixi siyasətə söykənən bölgə yanaşmasını Ərdoğan qurubsa ondan sonra gələn bunu pozarsa Türkiyə dövlətçiliyinə ciddi ziyan dəyər. Ona görə dillema qarşısında qalırıq ki, hakimiyyət dəyişsənə baş verə bilər. Bizim üçün arzu olunan  Türkiyədə Azərbaycansevər rəhbərlikdir ", - deyə şərhçi əlavə etdi. 
 
Siyasi şərhçi Kənan Novruzov Türkiyədə hakimiyyət dəyişsə  bunun Azərbaycana təsir edə bilməyəcəyi qənaətindədir. 

" Ehtimal olunan hakimiyyət dəyişikliyi Türkiyə- Azərbaycan münasibətlərinə köklü təsir etməyəcək. Çünki qardaş olan təkcə siyasi liderlər deyil, həm də xalqlardır. Bunu tarix bir neçə dəfə sübut edib. Sadəcə yeni siyasi lider Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycanla bağlı siyasətdə müəyyən dəyişikliklər edə bilər.  Hakimiyyət dəyişikliyinin yaxın vaxtlarda, asanlıqla baş verə biləcəyinə inanmıram. Birincisi, ona görə ki, Türkiyənin müxtəlif İslam ölkələri, o cümlədən BƏƏ ilə əməkdaşlığı güclənir. İkincisi, hazırkı iqtidarın tərəfdarları kifayət qədər çoxdur. Ərdoğan intensivləşdirdiyi çıxışlarında xalqın rəğbətini bir daha qazana bilir. Üçüncüsü isə, o, artıq növbəti seçkilərə hazırlaşır. Bu isə o deməkdir ki, Ərdoğan özünə və xalqına inanır" , - deyə Novruzov əlavə edib. 

Lirənin dollar qarşısında dəyər itirməsi 2018-ci ilin yanvarından başlayıb. Son 2 ildə proses güclənib. Təxminən 1 aya yaxındır isə kəskin fərqlər görünməyə başlayıb.
 
İSTİQAMƏT:6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 
Ləman Qasımova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM