"Yayda, xüsusilə də kəskin istilərdə bağırsaq xəstəlikləri ilə bağlı müraciətlər artır. Son vaxtlar qeydə alınan ishal, ürək bulanması və hərarətlə müşahidə edilən xəstəlik qida mənşəlidir”.
anews.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında respublikanın baş pediatrı, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.
Qeyd edək ki, Bakıda bağırsaq infeksiyasının yayıldığı ilə bağlı sosial mediada xəbərlər yayılıb. Virusun ishalla başladığı, bir neçə gün davam etdiyi söylənilir.
N.Quliyev deyib ki, qidaların saxlama qaydalarına əməl edilmir. İsti havada isə xarab olmuş qidadan istifadə ishal və ürək bulanması ilə müşahidə edilir. "Aparılan araşdırmalar da təsdiqləyir ki, yayda bağırsaq pozulmasının 75 faizi qidadan olur. Ümumiyyətlə isə, mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri ürəkbulanma və ishaldır. Ölkədə hansısa bağırsaq epidemiyası yoxdur”, - N.Quliyev söyləyib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə deyib ki, hansısa infeksiyanın yayılması ilə bağlı məlumat daxil olmayıb. Halbuki belə məlumat ilk olaraq mərkəzə daxil olur. "Mədə-bağırsaq xəstəliklərinin qeydə alınması mümkündür. Amma kəskin bağırsaq infeksiyasının yayılması ilə bağlı məlumatlar yanlışdır”.
A.Əliyeva hazırda epidemioloji vəziyyətin sabit olduğunu qeyd edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !