Ölkənin 3 nazirliyi əhaliyə müraciət edib

12:31 | 05.07.2024
Ölkənin 3 nazirliyi  əhaliyə müraciət edib

Ölkənin 3 nazirliyi əhaliyə müraciət edib

Yay fəslində, o cümlədən turizm və taxıl biçini mövsümündə havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalını artırması ilə əlaqədar Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri əhaliyə müraciət edib. Bu barədə  nazirliklərin yaydığı birgə bəyanatda bildirilib. 

"Aidiyyəti qurumlar tərəfindən aparılan genişmiqyaslı maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, meşə və kənd təsərrüfatı sahələrində baş vermiş yanğınların təhlili onların əsas səbəbinin insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışı olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə əhalinin ərzaq təminatı, ölkənin torpaq fondu, meşə sahələri, flora və fauna üçün ağır fəsadlarla nəticələnə bilər",  - bəyanatda qeyd olunub. 

Nazirliklər əhaliyə, o cümlədən fermerlərə, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sahibkarlara və təbiət qoynunda istirahət edən vətəndaşlara müraciət edərək, onları isti keçən və insanların təbiətdəki aktivliyinin artdığı bu mövsümdə yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırıb. 
 
Yanğın, yaxud onun əlamətlərini aşkarlayan şəxslər  bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat ver bilər. 
 
Rəsmi statistikaya görə, son 5 ildə Azərbaycanın  meşə fondu torpaqlarında 197 yanğın hadisəsi baş verib. Nəticədə 1800 hektardan artıq sahədə yanğın hadisəsi olub.
 
Təkcə 2022-ci il ərzində 66 yanğın hadisəsi qeydə alınıb və 870 hektara yaxın sahə yanğına məruz qalıb.
 
2023-cü ildə isə 33 yanğın hadisəsi baş verib və 25 hektar meşə ərazisi yanğına məruz qalıb. 
 
N.Təbrizli
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM