Londonda BP-nin baş ofisində şirkətin və İngiltərə -Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə BP-nin Azərbaycanda fəaliyyətə başlamasının 25 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri akademik Nərgiz Paşayeva, Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, həmçinin cəmiyyətin üzvləri, Birləşmiş Krallıqda fəaliyyət göstərən diasporumuzun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələri iştirak ediblər.
Giriş sözü ilə tədbirdə çıxış edən akademik Nərgiz Paşayeva qonaqları salamladı və BP-nin Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd etdi: "BP şirkətinin tarixi keçən əsrin əvvəlindən başlayıb. Bu böyük, maraqlı, sanki romanı xatırladan bir tarixdir. Bugünkü nailiyyətlər bir gündə və bir anda əldə edilməyib. Əziyyətli, enişli, yoxuşlu yol olub. İlk əvvəl, başlanğıcda fəaliyyət şərqdə qurulmuş və daha sonradan ərazilər, coğrafi dairə böyümüş – Şərq, Qərb, Şimal, demək olar ki, bütün dünya əhatə edilmişdir. BP-nin geniş fəaliyyət xəritəsində Azərbaycan ünvanı da kənarda qalmamışdır.
Fikir verin ki, Azərbaycanın ikinci müstəqilliyinin yaşı BP şirkətinin ölkəmizdə əməkdaşlığının yaşı ilə eynidir – 25 ildir. Müstəqillik hər bir ölkə üçün əsəs şərt, dəyərdir. Amma müstəqil olmaq Tərəfdaşsız olmaq deyil. Müstəqilliyimizin ilk günlərindən BP ilə əməkdaşlıq Azərbaycanın müstəqilliyini qoruyan faktorlardan birinə çevrildi. Bu doğru seçim Azərbaycanda tək neft sektorunu dirçəltmədi, həm də bizim vətəndaşları və ölkəni müdafiə edən strateji amil rolunu oynadı. Belə hadisələr tarixdə iqtisadi məzmunla yanaşı, böyük tarixi məzmun və əhəmiyyət daşıyır.
Bu gün ilk dəfədir ki, BP-nin ofisində, əməkdaşlar arasındayam. Buna çox sevinirəm. Şadam ki, 25 illik yubiley münasibəti ilə Sizi təbrik etməyə və təşəkkür bildirməyə gözəl şansım var.
25 il ərzində siz həm işlədiniz, həm öyrətdiniz, həm də öyrəndiniz. Öyrəndiniz dedikdə mən, əlbəttə, neft hasilatını nəzərdə tutmuram. Siz Azərbaycanı, onun insanlarını, mədəniyyətini, musiqisini, mətbəxini, gündəlik həyatını izlədiniz və müşahidə etdiniz. Amma tək müşahidə etmədiniz – mədəni, elmi, maarif, tədris layihələrinə dəstəyinizi verdiniz. Beləliklə, təbii sərvəti - nefti - milli nailiyyətlərə çevirməkdə köməklik göstərdiniz.
Bu dövr ərzində BP-nin həyata keçirdiyi mədəni layihələrin bir neçəsinin adını çəkmək istərdim. BP Azərbaycanın Hacıqabul, Şəmkir, Yevlax, Goranboy, Kürdəmir kimi bölgələrinin məktəblərində 6 kitabxananın açılmasına yaxından dəstək olub. BP Azərbaycan şirkəti Hacı ZeynalabdinTağıyev haqqında kitab-albom ("H.Z.Tagiyev’s book-album”), "Təbrizin sehrli nağılları" ("Mysterious Tales of Tabriz”),"Sarılar, Qarabağ atının izi ilə" (" Sarilar-a jorney to the Karabakh horse”),"Mənim tanıdığım Vaqif” ("Vagif as I knew him”) kitablarının nəşrinə sponsorluq edib, "Azərbaycan obyektivdə” ("Azerbaijan through the lens”) adlı fotosərginin London, Paris, Jeneva və Avropanın digər şəhərlərində keçirilməsini təşkil etmişdi. BP-nin dəstəklədiyi digər layihə isə Bakı muzeylərinə pulsuz girişin təşkil ediliməsidir. 9000 adam indiyədək bu lahiyədən faydalana bilmişdi. Bu illər ərzində BP 100 dən artıq azərbaycanlı tələbənin ABŞ-da, Britaniyada, Rusiyada və Türkiyədə təhsil almağına köməklik göstərib və Qafqaz Universitetində 2 fakultənin və 16 laboratoriyaların açılmasına sponsorluq edib. Həmçinin, BP Bakıda təhsil alan bakalavr və magistr dərəcəli tələbələrin geologiya üzrə yay sahə təcrübəsini təşkil edib. Şirkət Azərbaycanda neft və qaz ixstisasları üzrə təhsil alan tələbələrə xüsusi mükafatlar təsis edib. Mükafatlar Bakının və Gəncənin müxtəlif universitetlərinə yüksək balla qəbul olmuş 150-dən artıq birinci kurs tələbəsinə verilib. Bu mükafat tələbələrə BP tərəfindən maliyyələşdirilən və ali təhsil alarkən qazanacaqları texniki bilikləri layiqincə tamamlayan 10 aylıq təlim kursu vasitəsilə texniki ingilis dili vərdişlərini təkmilləşdirmək imkanı verir”.
Akademik N.Paşayeva rəhbərlik etdiyi Moskva Dövlət Universitetinin Bakı filalının tələbələrinin də BP şirkətinə böyük marağını və şirkətin əməkdaşlarının hər il Filialda işə qəbulla bağlı geniş təqdimat keçirdiklərini, tələbələr üçün müxtəlif mövzularda seminarlar təşkil edildiyini vurğulamışdır. Hazırda BP Azərbaycan şirkətində MDU-nun Bakı Filialının 10 məzununun çalışdığı qeyd edilib.
Akademik N.Paşayeva çıxışının sonunda bu layihələrin həyata keçirilməsindəki dəstəyə görə, cənab Gordon Birrelə xüsusi təşəkkürünü bildirib. Həmçinin, həmkarı Lord German başda olmaqla, iştirakçılara və tədbirin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Təqdimat ilə çıxış edən BP şirkətinin kommunikasiya, xarici əlaqələr və cənub dəhlizi üzrə vitse-prezidenti xanım Emili Olsen BP-nin Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edilib ki, şirkət ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda ilk ofisini açıb. Ötən 25 il ərzində Azərbaycan Hökuməti ilə olan tərəfdaşlıq çərçivəsində BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK)) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə verib.
Bütün bu uğurlar şirkətin Azərbaycanda qurduğu mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyü uzunmüddətli öhdəlikdən irəli gəlir. BP Azərbaycan iqtisadiyyatının güclənməsinə və böyüməsinə böyük töhfələr verib, Azərbaycan üçün möhtəşəm iqtisadi inkişafın təməlini təşkil edən yeni əhəmiyyətli gəlir axınını təmin edib, Azərbaycanın dünyanın digər ölkələri ilə qurduğu yeni kommersiya əlaqələrində böyük rol oynayıb, dənizdə karbohidrogen hasilatı sektoruna əsasən müasir texnologiyaların inkişafına stimul verib, dünyanın ən müasir neft və qaz emalı qurğularından birinin inşa edilməsinə və dünya səviyyəli tikinti və istehsal obyektlərinin yaranmasına nail olub. Şirkət on minlərlə iş yeri açmaqla sosial inkişafa töhfə verib, potensialın yaradılması, təlim, təhsilin inkişafı kimi sahələrə dəstək verib və ümumilikdə ölkənin bacarıq və səriştə bazasını gücləndirib, yüzlərlə kənd icmalarında davamlı inkişafı təşviq edib, bir çox sosial layihələrdə iştirak edərək mədəni irsin və idmanın inkişafına dəstək verib.
Xanım Emili Olsen BP-nin ən böyük lahiyələrinin Azəri-Çiraq-Günəşli və Şahdəniz olduğunu bildirib və Bakı-Tiblisi-Ceyhan, TANAP, TAP lahiyələri haqıında ətraflı məlumat verib, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə görülən işlərdən bəhs edib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin Britaniya tərəfdən həmsədri Lord German BP-nin Azərbaycanda gördüyü işlərin böyük məmnunluq doğurduğunu ifadə edib, həmsədri olduğu Cəmiyyətin BP şirkəti ilə birgə gördüyü işlərdən danışıb. Akademik Nərgiz Paşayevaya dərin minnətdarlığını ifadə edən Lord German diqqətə çatdırıb ki, o, həqiqətən də Cəmiyyətin hər ötən gün daha da genişlənməsinə ən böyük töhfəsini verən insandır.
Lord German vurğulayıb ki, BP-nin Azərbaycanda fəalliyyətinin 25 illiyk yubleyi qeyd olunur və bu 25 ildə dünyada bir çox dəyişikliklər baş verib: yeni texnologiyalar, innovasiyalar və s. proseslər baş verir. Dünyamız necədə sürətli dəyişir. Belə bir sual doğur ki, dünya 10 ildən sonra necə olacaq? Sürətlə dəyişən dünyada bizlər üçün ən vacib məsələ bir-birimizlə olan əlaqəmizdir. İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədi məhz bu əlaqələrdən keçir. Bizim əsas məqsədimiz Azərbaycan ilə Britaniya arasındakı mədəni yaxınlaşma və əlaqəni təmin etməkdir.
Lord German həmçinin İngiltərə-Azərbaycan Cəmiyyətinin tərəfdaşları və sponsorları ilə birgə gördüyü lahiyələr haqqında məlumat verib. Həmsədr, Azərbaycanın bir çox yerlərində əqli və fiziki qüsurlu uşaqların çoxsaylı sosial fəalliyyət istiqamətləri ilə təmin edilməsini, talessemiyya xəstəliyindən əziyyət çəkənlərə lazımı yardımın göstərilməsini, Britaniya ilə Azərbaycan arasında ekspertlər mübadiləsini nümunə göstərib. Daha bir çox nümünələrin olduğunu qeyd edən Lord German bütün bunların Britaniya və Azərbaycan arasında insani münasibətlərin daha da inkişaf etməsinə, hər iki ölkənin cəmiyyətlərinin bir-birinə yaxınlaşmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Bütün görülən işlərdə BP-nin Cəmiyyətə olan dəstəyinin təqdirəlayiq olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçıları BP-nin Azərbaycanda 25 illik fəaliyyətini əks etdirən video-çarxa baxıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !