Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Anews.az Report-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə İrza Nağıyev şahid qismində dindirilib.
O, təqsirləndirilən şəxs həbs edilən zaman Ağstafa Rayon Polis Şöbəsinin rəsi müavini vəzifəsində çalışdığını bildirib: "Hazırda Gəncə şəhərində polis işləyirəm. Bizə Bakıdan, Nəsimi Rayon Polis İdarəsinin İstintaq İdarəsinin müstəntiqindən qərardad gəldi ki, Məhəbbət Namazovun evində baxış keçirilməlidir. Biz də onun Ağstafa rayonu Sadıxlı kəndində yerləşən evinə baxış keçirdik. Mətbəxdə çaydanın içərisində 15 ədəd "Makarov" tipli tapançanın gülləsini və bıçaq tapdıq. Onun həyat yoldaşı da evdə idi. Hətta etirazı olmadığı üçün ərizə də yazdı".
Daha sonra İlqar Əmdullayev dindirilib. O, M.Namazovun avtomaşınına baxış keçirilən zaman hal şahidi kimi iştirak etdiyini deyib.
M.Namazov həmin hal şahidini polis idarəsində gördüyünü söyləyib: "Buna heç bir sualım yoxdur. Nə sual verim bu adama?"
Digər hal şahidi Faiq İsmayılov da məhkəmədə ifadə verib. O, M.Novruzov polis idarəsində olarkən hal şahidi kimi çağırıldığını və orada iştirak etdiyini söyləyib. Hal şahidi selofan paketdə ağ maddə gördüyünü deyib.
Məhkəmədə məlum olub ki, hal şahidi F.İsmayılov hal şahidi kimi ifadə verdikdən iki gün sonra həbs edilib. Bir neçə ay sonra azadlığa çıxıb. F.İsmayılov hal şahidi kimi polis idarəsinə dəvət olunarkən narkotik vasitənin təsiri altında olduğunu deyib.
M.Novruzov isə bildirib ki, hal şahidinə təzyiq edilir.
Daha sonra təqdirləndirlən şəxsin həyat yoldaşı Xəyalə Namazova ifadə verib. O, polislərin evlərində axtarış apardıqlarını qeyd edib: "Evin hər yerində axtarış apardılar. Polislər evdən şəkil, bıçaq çıxdığını göstərdilər. Sonra patron gətirdilər ki, bunlar da evdən çıxıb. Amma həmin patrondan heç xəbərim olmayıb. Mənə axtarışdan əvvəl ağ kağız göstərdilər. Dedilər ki, yoldaşın həbs edilib, "biz axtarış aparmalıyıq". Mən də razı oldum. Polislərin özləri axtarırdı. Mən həyətdə gözləyirdim".
Məhkəmənin növbəti iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, M.Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Daha sonra M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.
O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.
Xatırladaq ki, "Lotu Quli” hazırda 8 saylı cəzaçəkmə müəssəsində cəza çəkir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !