Adam Lazar ölkəsində Azərbaycan haqqında slaydlar nümayiş etdirməklə məşğuldur
Macarıstanın bir sıra qəzetlərinin foto-müxbiri Adam Lazar bu ilin mart ayında Azərbaycan səfirliyinin yardımı ilə Bakıda dörd günlük səfərdə olub və geri qayıtdıqdan sonra ölkəmizin son illərdə qazandığı uğurlar, böyük quruculuq və abadlıq işlərinin əsl tərənnümçüsünə çevrilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, onun bütün bir səhifəni tutan səfər təəssüratları Macarıstanın 100 min tirajla çıxan "24 ora" ("24 saat") qəzetinin 16 aprel tarixli sayında dərc olunub.
Aprelin 20-də Budapeştin Budakezi kitabxanasında tanınmış fotoqrafın Bakıda çəkdiyi şəkillərdən ibarət sərgi açılıb. Adam Lazar eyni zamanda kitabxananın oxucuları qarşısında Bakı səfərindən gətirdiyi çoxsaylı slaydları nümayiş etdirib.
Aprelin 21-də Budakezidəki Seçenyi məktəbinin müəllim və şagirdləri ilə görüş də Adam Lazarın səyi ilə həqiqi bir "Azərbaycan günü"nə çevrilib. Onun ölkəmiz haqqında danışdıqları və nümayiş etdirdiyi rəngarəng slayldlar gənclərin böyük marağına səbəb olub.
Son günlərdə isə Adam Lazar Budapeştin Promotor TV və Buda TV kanalları ilə yayımlanan tok-şoularda Azərbaycan haqqında öz təəssüratlarını bölüşüb.
Səfirlikdə keçirilən görüş zamanı bildirdiyinə görə tanınmış foto-müxbirin əsas niyyəti az sonra Bakıda start götürəcək Birinci Avropa Oyunlarını işıqlandıracaq jurnalistlər arasında yer almaq, bu böyük idman bayramının foto-salnaməçilərindən birinə çevrilməkdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !