Macarıstan baş naziri bildirib ki, Avropanın üzləşdiyi miqrant böhranı "Almaniyanın problemidir”, çünki Aİ-na gələn miqrantlar Almaniyaya getmək istəyir.
Baş nazir Viktor Orban deyib ki, Macarıstandakı miqrantlar qeydiyyata alınmadan ölkədən buraxılmayacaq.
Aİ qanunlarına görə, miqrantların gəldiyi ilk ölkə onların sığınacaq iddiaları ilə məşğul olmağa cavabdehdir.
Hazırda Macarıstanda olan bir çox miqrant orada qeydiyyata düşməkdən imtina edir.
Macarıstan paytaxtı Budapeştdəki əsas dəmiryol stansiyası iki gündən sonra yenidən yüzlərlə miqrantın üzünə açılıb.
Stansiyanın qapılarını açmasının ardından insanlar platformalara axışmağa başlayıb.
Lakin beynəlxalq qatarların Qərbi Avropaya hərəkətinin "qeyri müəyyən” müddətə təxirə salındığı elan edilib.
Avropaya daxil olan miqrantların sayı rekord həddinə çatıb. Təkcə iyul ayında Avropaya 107500 miqrant daxil olub.
Almaniyanın bu il 800 000 miqrantı qəbul edəcəyi gözlənilir. Bu keçən illə müqayisədə dörd dəfə çoxdur.
Miqrant axınındakı bu artım Aİ-nın miqrasiya siyasətilə bağlı gərginliyə və narazılığa səbəb olub.
Aİ daxili işlər və ədliyyə nazirləri böhranı müzakirə etmək üçün sentyabrın 14-də Brüsseldə görüşəcəklər.
Macarıstanın mühacirət əleyhinə olan baş naziri Brüsseldə Avropa İttifaqı liderləri ilə miqrant böhranını müzakirə etməyə hazırlaşır.
Bu arada isə Budapeşt qatar stansiyasında minlərlə insan gözləməkdə davam edir.
Çərşənbə axşamından bəri miqrantları daşıyan qatarların hərəkətinə qadağa qoyulub, çünki Aİ ölkələri miqrant böhranının həll yollarını düşünür.
Budapeştdə bir çoxunun bileti olsa da və onlar şimala getmək istədiklərini desə də, Macarıstan bunun Aİ qaydalarını pozduğunu söyləyir.
Almaniya, İtaliya və Fransa miqrantların ədalətli bölüşdürülməsini tələb edir.
Çərşənbə axşamı qoyulan qadağadan sonra hazırda ən azı 2000 insan Keleti stansiyasında gözləyir. Çərşənbə günü onlardan bəziləri polislə əlbəyaxa olub.
Bazar ertəsi Macarıstan onları qəbul etməyi dayandırdıqdan sonra miqrantlar bilet alaraq Vyana və cənubi Almaniyaya gedən qatarlara minib.
"Biz Macarıstanda qalmaq istəmirik, istədiyimiz yerə getmək istəyirik", Mohammed adlı bir suriyalı Associated Press agentliyinə bildirib.
"Onlar bizi burada qalmağa məcbur edirlər", Mohammed deyib.
Macarıstan paytaxtında minlərlə insan miqrantlara yardım istəyərək həmrəylik yürüşü keçirib.
Lakin cənubi Macarıstanda Jobbik, neo-faşist qrupunun yüzlərlə üzvü Serbiyadan qatarla gələnləri geri göndərməyə çalışıb. //bbc.com/azeri/
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !