Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - Yenilənib

15:32 | 28.04.2024
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - Yenilənib

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - Yenilənib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.

Mərkəzdən bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 19716 bakalavr ərizə təqdim edib.

İmtahanda həmçinin Bakı Mühəndislik Universiteti və İNHA Universiteti arasında ikili diplom proqramı çərçivəsində Cənubi Koreya Respublikasında təhsil alan 4-cü kurs tələbələri iştirak ediblər. Onlar imtahanı İNHA Universitetinin təqdim etdiyi zal və kompüterlərdən istifadə etməklə onlayn veriblər. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Aprelin 29-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra - 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) cavabları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib. İştirakçılar doğru cavab etalonları ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) isə DİM-in internet saytının "Xidmətlər" bölməsində > "E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > "Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
 

 08:32

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil edilir.
 
DİM-dən bildirilib ki, imtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir.
 
Bu imtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
 
Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil edilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 218 imtahan rəhbəri, 1799 nəzarətçi-müəllim, 264 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
 
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
 
Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
 
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
 
İmtahanın nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti