Mərhum yazıçı-publisist Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva prokurorluğa getməkdən imtina edib.
“Media forum” saytına danışan Mailə Tağıyeva bildirib ki, noyabrın 20-də işi aparan müstəntiq zəng vurub onu prokurorluğa çağırıb: “Müstəntiqdən soruşdum ki, nəyə görə gəlməliyəm? Əgər qatili tapmısızsa, cinayətin üstün açmısızsa gəlim. Mən prezidentə müraciət etmişəm, prezident də çağırsın. Əsəbiləşib dəstəyi yerə qoydum.
15 dəqiqə sonra müstəntiqin köməkçisi Namiq Məmmədov zəng vurub incikliyimin səbəbini başa düşdüyünü bildirdi: “Elə cinayət işi var ki, 4-5 ilə açılır. Şikayətiniz, qətldə şübhələndiyiniz şəxs varsa, vəkiliniz yazsın, baxılması üçün göstəriş veriləcək”.
Namiq Məmmədova bildirdim ki, prokurorluğa ancaq prezident məni qəbul edəndən sonra gələcəm. Mənim gecəm-gündüzüm ağlar keçir, amma qatil azadlıqda gəzir. Hər dəfə məni boş-boş çağırıb eyni ssenariləri təkrar eləyirlər”.
2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanan Rafiq Tağı dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.
ANN.Az