Bir müddət əvvəl cənub bölgəsində mal-qara arasında müşahidə olunan xəstəlik Samux rayonunda da müşahidə edilir. APA-nın qərb bürosunun məlumatına görə, xəstəlik əsasən Samux rayonunun 1200 nəfərdən çox əhalisi olan və təsərrüfatlarında min başdan artıq mal-qara saxlanılan Yenikənd kəndində müşahidə edilir.Sakinlərin bildirdiklərinə görə, mənşəyi tam aydın olmayan bu xəstəliyə yoluxan inəklərin əvvəlcə bədənində iri suluqlu səpkilər əmələ gəlir, heyvanların ağzından su gəlir, onlar iştahadan tam kəsilir və qısa müddət ərzində arıqlayırlar. Kənddə artıq bir neçə inək bu xəstəlikdən tələf olub.Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov deyib ki, heyvanlar arasında yayılan bu xəstəlik dəri xəstəliyidir. Onun sözlərinə görə, Samux rayon Baytarlıq İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Xəstəliyə tutulan heyvanlar dizenfeksiya edilir.Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında bildirib ki, Samuxda heyvanlar arasında yayılan xəstəlikdən xəbərdardılar: “Bu xəstəliyin də bir müddət öncə heyvanlar arasında yayılan “Nodulyar dermatit” xəstəliyi olduğu güman edilir. Hazırda lazımı proflaktik dezinfeksiya tədbirləri həyata keçirilir”.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !