“Manat bahalaşmır, öz əvvəlki vəziyyətinə qayıdır” - Oqtay Haqverdiyev

14:50 | 14.04.2015
“Manat bahalaşmır, öz əvvəlki vəziyyətinə qayıdır” - Oqtay Haqverdiyev

“Manat bahalaşmır, öz əvvəlki vəziyyətinə qayıdır” - Oqtay Haqverdiyev

Son vaxtlar ölkə gündəmini dolların məzənnəsinin artıb-azalması təşkil edir. Demək olar ki, hər gün ölkə vətəndaşları ya valyutadəyişmə məntəqələrində, ya internetdə milli valyutanın ABŞ dollarına nisbətən artıb-artmaması ilə maraqlanırlar.  

Dünya səviyyəsində də dolların məzənnəsinin kəskin artması müşahidə olunur.  Bu prosesdən sonra hansısa zərər, fəsad yaşanılacaqmı? ABŞ öz mili valyutasının məzənnəsini artırmaqla siyasi məqsəd güdürmü? Azərbaycanda dolların məzənnəsinin artması yenidən gözlənilirmi? Növbəti devalvasiyanın olma ehtimalı varmı?


İqtisadçı-ekspert Oqtay Haqverdiyev ANN.Az-a açıqlamasında dolların dünya səviyyəsində məzənnəsinin artıb-azalmasının ABŞ iqtisadiyyatına ciddi təsiri olmadığını bildirib: "Çünki bu ölkə dünyanın ən güclü iqtisadiyyatına sahibdir.  Dolların dəyərinin artması nəticəsində ixracda dəyişiklik baş versə də, ciddi təsir etmir. Ümumiyyətlə, ABŞ hər zaman öz geosiyasi məqsədlərini güdür. Yəni burada siyasət rol oynayır. Çünki bu valyuta ABŞ-ın öz milli valyutasıdır. Və istədiyi vaxtda bu valyutanın dəyərinin artıra da bilər, azalda da. Dünyada 80 faizdən çox ölkə ticarət əlaqələrini dollarla həyata keçirirlər. Yəni bu şəraitdə bu dövlətin imkan var ki, bu proseslərə özünün xeyri üçün təsir göstərsin. ABŞ-la ticarət əlaqələri yüksək səviyyədə olan ölkələr üçün müəyyən çətinliklər yarana bilər. Amma Azərbaycan üçün belə bir çətinlik gözlənilmir. Çünki bizim ABŞ-la ticari əlaqələrimiz -  yəni alqı-satqı aşağı səviyyədədir. Buna görə Azərbaycana bunun təsiri yoxdur və olmayacaq da”.

Azərbaycanda dolların bahalaşmasından söz açan ekspert onun əvvəlki səviyyəyə yüksəldiyini bildirib: "Ölkədə dolların məzənnəsinin qalxdığını deyirlər. Əslində isə bu 2005-ci ildə olan məzənnədir. Həmin məzənnə yenidən qayıdıb və öz yerini tutub. Dolların məzənnəsinin artırılmasında əsas məqsəd büdcə ehtiyatlarının doldurulmasıdır. Biz belə bir vəziyyətlə 2008-ci ildə də qarşılaşmışdıq, amma dolların məzənnəsini artırmadıq və büdcədən 1.8 milyard manat pul itirdik. Amma bu il dolların məzənnəsini artırmaqda əsas səbəb ondan ibarətdir ki, ölkənin xərcləri çoxdur. Bir çox infrastruktur layihələr var. Qarşıdan gələn Avropa Oyunlarının keçirilməsi və s. bunların hamısı xərcdir. Yaxın 5 ilə nəzər yetirsək görərik ki, manatın məzənnəsi stabil qalıb. Həmin vaxt manatın dollara nisbətən məzənnəsi 0.78 qəpik idi.  Amma o manatın real məzənnəsi deyildi. Hazırda da manatın real dəyəri 1 dolların 1 manat nisbəti deyil. Ümumiyyətlə, real məzənnəsi o vaxt bilinir ki, tələb və təklif valyuta bazarında bir-birini ödəsin. Son vaxtlar məzənnədə hər hansı dəyişiklik olan kimi sevinirlər ki, manat bahalaşdı. Amma bilmirlər ki, manat bahalaşmır, öz əvvəlki yerinə qayıdır”.

Ekspert əlavə edib ki, dolların məzənnəsinin dəyişməsində neft amilini nəzərə almaq lazımdır: "Dolların qiymətinin dəyişməsinə məhz neftin qiymət təsir edir. Çünki  Azərbaycan neft ölkəsidir. Dünyanın nəhəng neft ölkələrindən biri olan Səudiyyə Ərəbistanı əvvəl gündən öz valyutasını dollardan aşağı edib. Neft istehsalı ilə məşğul olan digər ölkələr də bu addımı atırlar. Onların bu addımı atmasında səhv heç bir şey yoxdur. O dövlətlər bizdən nə zəifdirlər, nədə ki, bizdən az neft istehsal etmirlər. Sonra baş verəcək hadisələri nəzərə alıb, valyutalarını həmişə dollardan ya aşağı, ya da dolların məzənnəsi ilə bir edirlər”.
Ölkədə növbəti devalvasiya ehtimalına toxunan ekspert ən azından bu il belə bir hadisənin baş verməyəcəyini proqnozlaşdırır:  "Azərbaycanda ikinci bir devalvasiyanın olması ən azından bu il gözlənilmir. Dolların məzənnəsinin birdən-birə 33,5 faiz artırılması düzgün addım deyildi. Bu da nəticədə əhali üçün çox böyük problemlər yaşatdı. Məzənnədə bu artımı yavaş-yavaş etsəydilər, hər halda ilin sonuna kimi ikinci bir devalvasiya gözlənilə bilərdir. Amma indiki halda ikinici devalvasiyaya ehtiyac yoxdur. Amma gələcəkdə bu devalvasiya ola bilər. Çünki manatın öz real qiyməti var və biz də o qiymətə gəlib çatmalıyıq. Biz əgər bazar iqtisadiyyatın qəbul ediriksə, tələb və təklif prinsipi hər sahədə olmalıdır. İstehsalda da, bank sistemində də, valyuta bazarında alqı-satqı zamanı da. İndiki halda isə biz inzibati yol ilə məzənnəni müəyyənləşdiririk”.

Orxan Aslanlı



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM