Mançester Ratuşası və Prins Albertin memorialı – REPORTAJ

18:14 | 26.02.2015
Mançester Ratuşası və Prins Albertin  memorialı – REPORTAJ

Mançester Ratuşası və Prins Albertin memorialı – REPORTAJ

Rüstəm Qasımov

Şəhərdə gəzərkən biz, Mançester şəhərinin ən gözəl binalarından biri olan Ratuşanın (şəhərin idarəetmə orqanının binası – red.) önünə gəlib çıxdıq. Yeri gəlmişkən deyim ki, Mançesterdə binaların əksəriyyəti qırmızı kərpicdən tikilib. 1887-ci ildə neoqotik üslubda tikilən Ratuşa kifayət qədər kontrastlı və əzəmətli görünür.





Amma binanın böyüklüyünü və əzəmətini hiss etmək üçün ona quşbaxışı görmək kifayət edir. Bu bucaqdan müşahidə etdikdə Ratuşanın üçbucaq şəklində tikildiyini görmək olur. Onun hər iki tərəfində uca qüllələr yerləşir. Həmin qüllələrdən birində isə saat var.

Ratuşa dövlət səviyyəli tədbirlərin keçirildiyi yerdir. Şəhər adminstirasiyası da burada müəyyən tədbirlər keçirdir. Yaxşı qiymət ödəyərək, burada toy kimi şəxsi şənliklər də təşkil etmək olar. Ratuşanı hətta Yuri Qaqarin də ziyarət edib. O, kosmosa uçuşuna üç ay qalmış burada olub. Burada  Meril Stripin baş rol aldığı "Polad ledi” və Robert Dauninin oynadığı "Şerlok Xolms” filmlərinin bəzi səhnələri çəkilib. Binanı gün ərzində ziyarət etmək mümkündür. Amma binanın əksər zallarında tədbirlər keçirildiyi üçün bütün zallara girmək mümkün deyil.  




Binanın qarşısında müharibə vaxtı həlak olmuş insanların xatirəsinə memorial ucaldılıb.




Memorialın önündə isə bütün ölənlərin ad və soyadının yazıldığı qırmızı əklillər qoyulub.





Binanın qabaq hissəsində yerə basdırılmış xaçlar və baş daşı var. Həmin baş daşında yazılıb:”Britaniyanın Mançester legionundan olan yoldaşlarımızın  xatirəsinə!”





Beş dəqiqə ərzində, biz binanın başına dolanaraq ona tamaşa etdik. Məni heyrətə salan binanın bir ucunu digər ucu ilə birləşdirən iri kolidorlar idi. Onlar doğurdan da çox nəhəng görünürdülər.





Mançesterin Ratuşası diqqətəlayiq tarixi arxitektur binadır. Pəncərləri bəzəyən arkalar neoqotik üslubda tikilib. Dəqiq proporsionallıq, gözəl planlama və orijinallıq bu tikilini şəhərdə olan digər binalardan fərqləndirirdi.




Binanın sol tərəfinə doğru hərəkət etdim və belə bir mənzərə ilə qarşılaşdım.





 Sonradan öyrəndim ki, bura Prins Albertin adına olan meydandır (Albert Square) və yerli əhali arasında məşhurdur.





Ətrafda olan binalar Viktoriya dönəminə aiddir. Onların əksəriyyəti neqotik üslubda tikilib.





Meydanda bir çox tarixi tikili var idi və onlardan biri də Prins Albertin şərəfinə ucaldılmış memorial idi. Memorialın quruluşu piramidanı xatırladırdı.



Bu maraqlı abidəyə ön tərəfdən baxdıqda bir neçə ingilis gerbi, qırmızı boya ilə bəzədilmiş arka və altı güşəli ulduz görmək olur.





Binanın giriş hissəsində, Mançester şəhəri üçün xeyrli işlər görmüş tarixi bir şəxsiyyətin heykəli ucalırdı. Bu yerli bankir messenat Oliver Heyvud idi. Öz zamanında o, şəhər əhalisi üçün xeyriyyəçilik etmiş və təhsil müəssəsinin tikilməsini həyata keçirmişdi. Onun üçün ucaldılmış heykəlin alt tərəfində belə bir yazı var idi: "Oliver Heyvud (1852 -1892) adına olan bu heykəl yerli şəhər əhalisi tərəfindən ucaldılıb. O, şəhərin inkişafı və xeyri üçün bütün həyatını həsr edib”.





Meydanın ortasında duranda adamda elə bir təəssürat yaranır ki, sanki bir neçə əsr əvvələ düşmüsən. Yalnız ətrafdakı taksilər və yol boyu hərəkət edən müasir xarici maşınlar adamı reallıq hissinə qaytarır.  





Təəssüf ki, Ratuşanın içərisinə daxil olmaq mənə nəsib olmadı, çünki o, artıq bağlanmışdı. Mənə məsləhət gördülər ki, sabah gəlim, amma bunu etmək mümkün olmayacaqdı. Çünki bu mənim Britaniya torpağında axırıncı günüm idi...





Binanın şəkillərini çəkdiyimi görən yaxınlıqdakı taksi sürücülərindən biri mənim də şəkilimi çəkməyi təklif etdi.




Taksi sürücüsü ilə söhbət etdikdə, o mənim haradan və hansı məqsədlə Mançesterə gəldiyimi soruşdu. Azərbaycandan gəldiyimi eşitdikdə, o mənim əlimi sıxaraq belə dedi:” Çox şadam, mənim əziz müsəlman qardaşım”.

Məlum oldu ki, əslən Pakistandan olan bu şəxs bizim ölkəni tanıyır və onun əhalisinin əksəriyyətinin şiə müsəlmanı olduğunu bilir. Onunla sağollaşıb hotelə tərəf üz qoydum. Beləliklə, bizim Mançester səfərimiz başa çatdı…
 
 
 
 
 
 
Prins Albert adına meydanda və Mançester Ratuşasında olmaqda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.


ANN.Az

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM