Ölkəyə gətirilən avtomobillərə aksiz vergisinin artırılması avtomobil bazarında, ümumiyyətlə, maşın satışı ilə məğul olan şirkətlərdə avtomobillərin qiymət artımı ilə müşahidə olunur. Alıcılar avtomobil bazarında maşınların çox baha olmasından şikayətlənirlər. Bu da alıcılarının azalmasına gətirib çıxarıb.
Ölkəyə gətirilən avtomobillərin qiymətinin qalxması, aksiz vergisinin məbləğinin qaldırılması, ən çox artımın mühərrik həcmi daha böyük olan avtomobillərə tətbiq edilməsi yenidən avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilərmi? Bu suallara aydınlıq gətirmək üçün iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət etdik.
Natiq Cəfərli ANN.Az-a açıqlamasında bildirdi ki, ölkəyə gətirilən avtomobillərin sayı keçən ilə nisbətən 40% aşağı düşüb. Bu həm yeni standartların (Arvo 3 standartları), həm də kreditləşmə şərtlərinin sıxlaşdırılması, yəni ağırlaşdırılması ilə əlaqədar idi ki, avtomobil bazarında ciddi durğunluq yaranmışdı, satış kəskin şəkildə aşağı düşmüşdü: "İndi isə vergilərin tətbiq olunması avtomobil qiymətlərinin artımı ilə nəticələnəcək. 2015-ci ildə isə avtomobil bazarında daha kəskin qiymət artımı gözlənilir. Bu da öz növbəsində Azərbaycanda avtomobil satışı ilə məşğul olan şirkətlərə, avtomobil satışı ilə məşğul olan şəxslərə ciddi problemlər yaradacaq. Çünki gəlirlər azaldıqca şirkətlər xərclərini azaltmaq məcburiyyətində qalacaqlar ki, bu da həmin şirkətlərdə ciddi ixtisarlara səbəb olacaq. Fikrimcə, ölkəyə gətirilən avtomobillərə aksiz vergisinin məbləğinin artırılmasına elə də ehtiyac yox idi.
Ümumiyyətlə, bu yol dünya praktikasında avtomobil istehsal edən ölkələrin tutduğu yoldur. Yəni onlar daxili bazarı qorumaq üçün həm gömrük rüsumlarını, həm aksiz vergilərini qaldıraraq, daxildə istehsal olan avtomobillərin satışını təşkil edirlər. Azərbaycanda daxili istehsal yoxdur. Amma buna baxmayaraq, qonşu ölkələrə nisbətən həm gömrük rüsumları, həm aksiz vergiləri həddən artıq yüksəkdir. Buna görə də 2015-ci il bazarlarda satışların azalması, durğunluqla yadda qalacaq.
Qeyd etmək istərdim ki, ölkəyə xaricdən gətirilən mühərrik həcmi daha böyük olan avtomobillərin qiymət artımı daha çox hiss olunur. Belə olan halda bu cür avtomobillərin satışını ancaq sifariş yolu ilə həyata keçirə biləcəklər. Çünki qiymətlərin qalxması sonradan onların maşınları sata bilməməsi ilə nəticələnə bilər. Ancaq mühərrik həcmi 2000 kubsantimetr olan avtomobillərdə isə qiymət dəyişikliyi daha az nəzərə çarpacaq. Avtomobil satışı ilə məşğul olan şəxslər mühərrik həcmi kiçik olan avtomobillərin ölkəyə gətirilməsində çox da böyük problemlər yaşamayacaqlar. Amma bununla yanaşı, həmin mühərrik həcmi kiçik olan avtomobillərin də qiymətində artım olacaq. Mühərrik həcmi kiçik olan avtomobillərin ölkəyə gətirilməsində əslində bir üstünlük var ki, həmin avtomobillər daha az yanacaq işlədir və ekologiyanı daha az çirkləndirir.
İstifadə olunmuş avtomobillərin ölkəyə gətirilməsi məsələsinə gələndə isə əslində keçən il bu məsələ ilə əlaqədar, 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə qadağa var idi. Bu da ekoloji cəhətdən düzgün atılmış addımdır. Bu tək bununla bağlı deyil təbii ki, yeni avtomobillərin ölkəyə gətirilməsi daha məqsədə uyğundur. Həm ekoloji cəhətdən, həm də təhlükəsizlik nöqteyi nəzərdən. Amma insanların alıcılıq qabiliyyətini də nəzərə almaq lazımdır. Azərbaycanda orta aylıq əmək haqqının, gəlirlərin vəziyyətini nəzərə alsaq, heç də bütün avtomobil həvəskarı olan insanların yeni maşın almağa imkanları yoxdur. Təbii ki, mütləq bunu da nəzərə almaq lazımdır.
Avtomobillərin qiymətinin yenidən aşağı düşməsi xərclərin azalması ilə birbaşa əlaqəlirdir. Əgər gömrük tariflərində, aksiz vergilərində azalma olarsa təbii ki qiymətlərdə dəyişiklik ola bilər. Əgər belə bir hal baş verməzsə, avtomobil dillerləri öz hesablarına, yəni aldığı qiymətdən aşağı, ucuz avtomobillərin satışını həyata keçirə bilərlər”.
Orxan Aslanlı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !