Ankaranın mərkəzinə toplaşmaqda olan minlərlə etirazçı hökumətin istefasını tələb edir
Türkiyənin hərbi hava qüvvələri paytaxt Ankarada keçirilən yürüşdə törədilmiş qanlı partlayışların ardınca, İraqın şimal bölgələrində və Diyarbakır regionunda Kürdüstan İşçi Partiyası – PKK-nın mövqelərinə raket zərbələri endirib.
Ankarada baş vermis qoşa partlayışda 95 nəfər həlak olub.
Təhlükəsizlik qüvvələri intiharçı bomba basqınlarının arxasında İslam Dövləti adlanan təşkilatın durduğunu bildirirlər. Baş nazir "şübhəli qismində” İD-lə yanaşı PKK-nı da dilə gətirib.
Bundan əvvəl, elə şənbə günü PKK Türkiyə hökumətinə atəşkəs təklifi etmişdi. Türkiyə hökuməti bu təklifi rədd edib.
İraqın şimalındakı Metina və Zapda PKK mövqelərinin "məhv edildiyi” xəbər verilir.
Raket zərbələri nəticəsində 49 nəfərin həlak olduğu barədə təsdiq olunmamış məlumatlar var.
HDP hökuməti ittiham edir
Türkiyə hökuməti, basqınlara görə onun məsuliyyət daşıdığını deyən müxalifətin ittihamlarını hiddətlə rədd edib.
Hakim AKP-nin ən qatı opponenti olan kürd təmayüllü Xalq Demokratik Partiyasının (HDP) lideri Selahattin Demirtaş bəyan edib ki, hökumət bundan əvvəl siyasi aksiyalara edilmiş basqınları araşdırmayıb.
"Necə olur ki, uçan quşun qanad çalmasını eşidən hökumət Ankaranın ortasında qətliamın qarşısını ala bilmir?” – deyib Demirtaş.
HDP bildirib ki, basqın nəticəsində ölənlərin əsl sayı 128-dir.
Qəribə müharibə
Hökumət ölkədə üç günlük matəm elan edib.
Minlərlə insan şənbə günü həlak olanların xatirəsini anmaq üçün Ankaranın mərkəzinə toplaşıb.
Ölkənin cənub-şərqindəki Diyarbakırda polis Ankara basqınına etiraz edən aksiyanı zorakılıqla dağıdıb.
Təhlilçilər hazırda bölgədə dolaşıq hərbi-siyasi vəziyyətin yarandığını bildirirlər. Onlar deyirlər ki, istər Rusiya prezidenti Putin, istərsə də Türkiyə hökuməti İslam Dövləti adlanan təşkilatı bombardman etdiklərini bildirsələr də, onlardan birincinin əsl hədəfi Bashar al-Asada müxalif olanlar, ikincinin əsl hədəfi isə PKK-dır. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !