Azərbaycan Müdafiə Nazirliyi sistemində 2014-cü ildə müqaviləli heyətin sayının əhəmiyyətli şəkildə artırılması planlaşdırılır.Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Silahlı Qüvvələrdə hərbi texnikanın və dəqiq silahların idarə olunması, eləcə də şəxsi heyətlə bilavasitə təmasda olan kiçik komandir (qrup və manqa komandiri) vəzifələri müqaviləli heyətə həvalə olunacaq. Silahlı Qüvvələrdə hesab edirlər ki, bununla, hərbi xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda neqativ hallar minimuma endiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, artıq 2013-cü ilin dekabr ayından Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşların müraciətləri toplanır. Sayı açıqlanmasa da, bu günədək çox sayda müraciət olub. Müqaviləli heyətin sayı tədricən artırılacaq. Nazirlik bir daha bəyan edir ki, Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyən Azərbaycan vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər. Qeyd edək ki, analoji təcrübə bir neçə ildir Sərhəd Qoşunlarında və Daxili Qoşunlarda tətbiq olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !