“Yeni Müsavat”ın yerli müxbiri xəbər verib ki, Qazağın Kəmərli kəndində hərbçilərimiz tərəfindən erməni millətindən olan bir nəfər yaxalanıb. Erməni Kəmərli sakini Adıgözəl Dursunovun həyətində müəyyən olunub. “Azərbaycanda tutulan erməni 53-54 yaşlı kişidir. O, həbs olunan zaman yerli sakinlərə deyib ki, Ermənistanda həyat səviyyəsi aşağıdır, yaşaya bilmirlər, bu səbəbdən də Azərbaycana qaçıb. Onun sözlərinə görə, 3-4 nəfər erməni də Azərbaycana keçmək üçün qərarlıdır və bir neçə gün ərzində imkan düşən kimi, onlar da Azərbaycana keçəcəklər. O deyib ki, Azərbaycan təminat versə, ermənilərdən ibarət böyük bir qaçqın dəstəsi buraya keçər. Erməninin adı, soyadı dəqiqləşdirilir ,”- deyə müxbirimiz qeyd edib. Müxbirimiz Adıgözəl Dursunovla telefon əlaqəsi yaradıb. O bildirib ki, özü Kəmərli kənd icra nümayəndəsidir. Ermənini də hərbçilər tutduqdan sonra qısa müddətə kənd icra nümayəndəliyinə gətiriblər. 20 dəqiqəyə yaxın bir müddətdə əsir erməni onun otağında olub. Daha sonra hərbçilər onu aparıblar. ANN.Az