Müdafiə Nazirliyi: Seyran Ohanyan panikaya düşüb

14:35 | 10.07.2014
Müdafiə Nazirliyi: Seyran Ohanyan panikaya düşüb

Müdafiə Nazirliyi: Seyran Ohanyan panikaya düşüb

“Ermənistanın müdafiə naziri Seyran Ohanyan panikaya düşüb”.

Bunu APA-ya açıqlamasında Ermənistanın müdafiə naziri Seyran Ohanyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

 

Onun sözlərinə görə, S.Ohanyana ünvanlanan suallar və verilən cavablardan mətbuat konfransının əvvəlcədən hazırlanmış bir ssenari üzrə keçirildiyini görmək olur.

 

Nazirlik sözçüsü mətbuat konfransını son zamanlar Ermənistan Silahlı Qüvvələrində artan ölüm, yaralanma, xəstəlik və digər neqativ halların nəticəsində S.Ohanyanın mövqelərinə təsir etmiş amilləri neytrallaşdırmaq və onun imicini bərpa etmək cəhdi kimi dəyərləndirib.

 

V.Dərgahlının sözlərinə görə, Ohanyanın “dilindən” səsləndirilən fikirlər daha çox daxili auditoriyanın eşitmək istədiyi məqamları əhatə edir: “Onun tərəfindən daim səsləndirilən, təkrar olunan və hətta erməni ictimaiyyətinin bəzi nümayəndələrinin də etiraf edərək neqativ qarşıladıqları bu absurd fikirlərin şərh edilməsinə deyil, Ermənistan Müdafiə Nazirliyində və ümumilikdə qonşu ölkədə hökm sürən narahatçılıq və panika ab-havasına diqqət yetirmək istərdim. Növbəti dəfə iyulun 9-da erməni mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin kəşfiyyat-təxribat qrupunun guya cəbhə xəttini keçməsi, 14 yaşlı erməni yeniyetməsini ələ keçirməsi, hansısa su hövzəsini zəhərləməsi, dövlət sərhədi boyu yerləşən erməni kəndlərini, orada məskunlaşan “dinc əhalini” atəşə məruz qoyması kimi qeyri-ciddi məlumatlar yaymasını artıq erməni cəmiyyətində artan Azərbaycan xofu və qorxu hissi kimi qiymətləndirmək olar”.

 

V.Dərgahlı qeyd edib ki, iyunun 26-da prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə birgə əməliyyat-taktiki təlimlərinin və onun davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimlərin keçirilməsi, təlimlərə cəlb olunan şəxsi heyət və döyüş texnikasının sayı düşmən tərəfini qorxuya salıb: “Məhz bu səbəbdən Ermənistan tərəfi hər dəfə ictimaiyyətinin fikrini başqa istiqamətə yönəltmək məqsədilə Azərbaycana qarşı həqiqətə uyğun olmayan məlumatları dövriyyəyə buraxır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti