Məlumata görə, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib. İttihama əsasən, hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə təqsirləndirilirlər.Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri postuna təyin olunduqdan sonra HDQ-da daxili yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkar olunub. HDQ-nın komandanı Şahin Sultanov da bir müddət əvvəl tutduğu vəzifədən çıxarılıb. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb edilib. Bu hərbçilər də vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. /Aznews.az/ANNET.Az