Yaralıların müayinəsi və müalicəsi ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ixtisaslı həkimləri məşğul olacaqlar
Bu gecə cəbhə xəttində ermənilərin basqını nəticəsində yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları helikopterlə Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yaralı hərbçilər bu gün iki helikopterlə Bakıya gətiriliblər.
«Onların müayinəsi və müalicəsi ilə hospitalın ixtisaslı həkimləri məşğul olacaqlar. Yaralıların vəziyyəti barədə ictimaiyyətə məlumat veriləcək», - deyə nazirlikdən bildirilib.
Mətbuat xidmətindən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hazırda cəbhədəki vəziyyəti diqqətdə saxladığı və müvafiq tapşırıqlar verdiyi bildirilib.
Qeyd edək ki, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstərib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı onun hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib. Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır.
ANN.Az