“Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır.Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak edir, vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz ehtiramlarını bildirirlər. Bütün bunlar ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb”.ANS PRESS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.Məlumatda qeyd olunur ki, Azərbaycanın müxtəlif bölgələrindən və ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən, Türkiyə vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini ifadə edirlər.15 ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Türkiyə vətəndaşı Erhan Erdok da müdafiə naziri, general-polkovnik Zakir Həsənova məktub ünvanlayıb. O, Azərbaycan torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirir.Türkiyədən Əhməd Necdət Yıldırım adlı vətəndaş ürək yanğısı ilə Azərbaycandakı son olaylara münasibətini bildirir və könüllü olaraq döyüşçülərimizlə çiyin-çiyinə savaşa atılmağa hazır olduğunu arzulayır.Tevfik Volkan Arslan adlı Türkiyə vətəndaşı müdafiə nazirinə yazdığı müraciətində qeyd edir ki, 12 ildir Azərbaycanda yaşayır və həyatının xeyli hissəsi burada keçib: “Məhz burada ailə həyatı qurmuşam, övladlarımı böyütmüşəm. Müharibəyə səfərbərlik olarsa, məni də nəzərə almağınızı xahiş edirəm. Bu Vətən üçün, Azərbaycan üçün canımı fəda etməyə hazıram”.Ehtiyatda olan Türkiyə hərbçiləri Hasan Arıbaş və Kadir Kılıç da nazirliyin ünvanına göndərdikləri müraciətlərində ən səmimi duyğularını ifadə edərək Azərbaycanın dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər.H. Arıbaşın müraciətindən bir hissəni olduğu kimi təqdim edirik: "Sevgili komutanım Zakir Hasanov. Kalbim hep diğer Vatanım Azerbaycan için atmaktadır. İhtiyaç durumunda Azerbaycan türk ordusuna bir türk oğlu olarak gönüllü katılmak istiyorum. Vatan toprağını savunmak benim şahsım için mukaddestir. Bilgilerinize arz ederim”.Bu məzmunlu müraciətlər Müdafiə Nazirliyinə daxil olmaqda davam edir.
ANN.Az