Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllıda vətəndaşlarla görüşüb.
APA-nın məlumatına görə, nazir İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin ərazisində təşkil olunan "Turist bazarı” ilə tanış olub. O, "Turist bazarı”nın fəaliyyətinin genişləndirilməsi, turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılması üçün tapşırıq və tövsiyələrini verib.
Sonra Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Qəbələ, Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.
Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !