"Mən hökumətin səmimiyyətini ardıcıl addımlarda görmək istəyirəm" - XƏDİCƏ İSMAYIL

19:25 | 15.03.2021

"Mən hökumətin səmimiyyətini ardıcıl addımlarda görmək istəyirəm" - XƏDİCƏ İSMAYIL

Noyabrın 13-də  140 nəfərlik jurnalist heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfər edib.  Bu səfəri fərqli edən səfərdə  iqtidar yönümlü jurnalistlərlə yanaşı, müstəqil jurnalistlərin də iştirak etməsi idi. Bəs görəsən belə bir səfərin təşkili artıq media mənsublarına bərabər imkanların yaradılacağından xəbər verirmi? Ümumiyyətlə bu səfərin təşkili ilə iqtidar cəmiyyətə hansı mesajlar göndərmək istəyib?   
 
Bu məsələ ilə bağlı səfərdə iştirak edən media nümayəndələrinin fikirləri ilə maraqlandıq:
 

 
Arif Əliyev: "Bu çox düzgün və yaxşı addım idi. Bir vaxtlar bizim bu təcrübəmiz mövcud idi. İstər iqtidar yönümlü olsun, istər müstəqil olsun aparıcı redaktorların prezident səviyyəsində qəbulu da bizdə olub. Nəinki onların bir yerdə tədbirlərdə, eləcədə mükafatlandırma mərasimlərində birgə iştirakları olub. Bu dəfədə Qarabağa, Ağdama belə heyətdə səfərin olması, xoş məramdan xəbər verir. Çünki bölücülük heç vaxt heç kimin işinə yaramayıb və yalnız  problem yaradıb.  Biz dəfələrlə bunun şahidi olmuşuq. Xüsusilə də əgər söhbət Qarabağdan, ölkənin ərazi bütövlüyü məsələsindən gedirsə, əlbəttə o birliyi yaratmaq cəhdi daha çox uğur gətirə bilər. Ona görə mənə elə gəlir ki, bu mövzu və məkan düzgün seçilmişdi. Digər tərəfdən isə yeni islahatların media sahəsində olması ruhlandırır ki, problemləri aradan qaldırmaq üçün mexanizmləri əldə edə bilərik. Fikrimcə, hər şey konkret addımlar atmaq üçün hazırdı. Ciddi və konkret addımlar atmağın vaxtı çoxdan çatıb".
 


 
Aynur Camal: "Bu format tamamilə yeni formatdı. Xeyli vaxtdır ki, yeni media siyasəti haqqında danışırıq. Mən düşünürəm ki, bu mənzərə əslində hakimiyyətin yeni media siyasətinin necə olacağının ilk işartılarıdı. Bu onun göstəricisidir ki, əslində bu ölkədə, siyasi mövqeyindən asılı olmayaraq, hər bir media nümayəndəsinə, media təmsilçisinə eyni münasibət sərgilənə bilər. Təbii ki, əvvəllər bunun şahidi olmamışdıq. Əvvəlki yanlış media siyasətindən müxalif yönümlü media nümayəndələri nə qədər əziyyət çəkirdisə, iqtidara loyal münasibəti olan jurnalistlər də eyni dərəcədə əziyyət çəkirdi. Amma son yaranan, formalaşmaqda olan münasibətlər sistemi medianın, jurnalistikanın gələcəyi ilə bağlı müsbət düşünməyə rəvac verir. Biz artıq bunun nümunəsini ortaya qoyduq ki, ən müxtəlif fikirli insanları belə bir masa arxasına əyləşdirmək olar. Onları eyni tədbirə aparmaq olar. Biz çox mehriban şəkildə eyni avtobuslarda birgə getdik".
 

 
Xədicə İsmayıl: "Mən bircə cümlə ilə cavab verəcəm. Təəssüf ki, hakimiyyətin bu mesajı özünü doğrultmadı. Çünki Mehman Hüseynov və Ülvi Həsənli çəkilişdən qayıdarkən həbs olunub və zorakılığa məruz qalıblar. Mən hökumətin səmimiyyətini ardıcıl addımlarda görmək istəyirəm".
 

 
Vüqar Rəhimzadə: "Hesab edirəm ki, bu çox yaxşı addım idi. Çünki İkinci Qarabağ Müharibəsi zamanı da siyasi partiyalar vahid mövqedən çıxış etdilər. Vətən, dövlət anlayışı olan yerdə vahid mövqenin olması çox vacibdi. Ağdam səfəri zamanı da jurnalistlər, blogerlər, QHT rəhbərləri iştirak etdilər. Bildiyiniz kimi bu səfər ölkə prezidentinin tapşırğı ilə reallaşıb. Kimliyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamının bu səfərdə iştirakı çox vacib hadisə idi. Bu birliyin əyani təzahürüdür. Media ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirirəm. Fikrimcə, hər bir jurnalistə münasibət bərabər səviyyədədi.  Ola bilər ki, bir fakta müxtəlif yanaşma olsun, müxtəlif aspektdən kimsə mövqe nümayiş etdirsin. Amma vətən və dövlətçilik üçün görülən işlərdə fayda varsa, hamı bir yumruq kimi birləşməlidir".
 

 
Aynur Elgünəş: "Əslində bu hər kəsin diqqətini çəkən məsələdi. Həm bizim, həm iqtidar yönümlü jurnalistlərin. Məsələ bundadır ki, mən özüm də sonuncu dəfə bu qədər müxtəlif düşüncəli insanları 2002-ci ildə Milli Mətbuat günündə görmüşdüm. Bu sonuncu tədbirdə sözsüz ki, Əli Həsənovdan sonra gələn yeni kadrların rolu olduğunu düşünürəm. Fikrimcə, ən böyük səbəb isə Qarabağ savaşı və Əliyevlər hakimiyyətinin yeganə uğuru idi. Ona görə də bu uğuru hər kəsə göstərmək istəyirlər. Çünki bu uğuru hər kəsə göstərmək mümkündür. Bu məsələyə münasibət eyni olduğundan fərq etmir sən iqtidar yönümlü, ya müxalif yönümlüsən. İkinci bir tərəfdən hakimiyyət artıq başa düşür ki, ayrıseçkilik salmaqla Azərbaycanın imicinə böyük zərbə vurur. Nəhayət, buzları əritməyə başlayıb. Mən belə düşünürəm. Amma bu halın daha çox Qarabağla əlaqəsinin olduğunu düşünürəm.
 
Bundan əvvəl də Füzuliyə getmişdim. Füzuliyə getmək üçün müraciət etmişdim, onda da müsbət cavab verildi. Digər məsələlərdə isə açıqlıq yoxdu. Məsələn, Meydan tv olaraq, hələ də deputatlar bizlə danışmaq istəmir, deyirlər ki, Prezident Adminstrasiyasından icazə verilmir. Niyə deputatlar Prezident aparatından idarə olunur? Bu mənə hələdə qaranlıqdı. Bu məsələ çözülmür. Yaxud biz ölkədən çıxanda yoxlamalara məruz qalırıq, hələ də hansısa bir nazirliyin tədbirlərinə dəvət olunmuruq. Tutaq ki, Operativ Qərargahın mətbuat konfransına dəvət olunmuruq. Dəvət olunmaq üçün bəzən özümüz müraciət edirik, amma yox cavabı verilir. Yəni bunun özü göstərir ki, məsələ sırf Qarabağ ilə bağlıdı. Bizə qarşı münasibətin gələcəkdə dəyişib dəyişməməsinə gəldikdə isə, demək istəyirəm ki, hər bir jurnalist istəyər ki, hazırladığı materialda hər tərəfin fikirlərini işıqlandırsın. Yaxşı olardı ki, bu olsun. Hər yer qapalı olanda, qarşı tərəfin fikri olmayanda məcbur olursan təxəyyülünün məhsulundan istifadə edəsən yaxud "deyilir", "eşidilir" ilə yazırsan. Amma konkret faktlarla yazanda sən daha peşəkar görünürsən və ümid edirəm ki, hakimiyyətin də peşəkarlara ehtiyacı var. Biz  Azərbaycanın düşmənləri deyilik, sadəcə  tənqidi mediayıq. Güzgüyük, bizi sındırmaqla, qapatmaqla eybəcərliklərinin üstünü örtmürlər, əksinə bizim varlığımız onların tənqiddən nəticə çıxarmasına səbəb olar. Bu əslində hakimiyyətin bir az ömrünü uzadar. Çünki tənqiddən nəticə çıxarmaq partlayışın qarşısnı alır. Məncə bunu düşünsələr yaxşıdır".
 
Rafiq Şahbazov


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb