İran müxalifətinin liderlərindən sayılan, dörd ilə yaxındır ev dustaqlığında saxlanılan Mehdi Kərrubi öz evinə köçürülüb. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, bu barədə onun oğlu Məhəmmədhüseyn Kərrubi özünün “facebook” səhifəsində yazıb. O qeyd edib ki, İran məhkəmə rəsmilərinin və siyasətçilərin müxalif açıqlamalarına baxmayaraq ev dustaqlığına köçürülüb. “Nəhayət, atam üç il sonra İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evindən öz şəxsi mənzilinə gətirilib. Hazırda İran təhlükəsizlik qüvvələri binanın birinci mərtəbəsinə yerləşdiriliblər. Bununla da üç il sonra atamın ev həbsində saxlanması müddəti başlandı. Bundan əvvəl onun saxlanıldığı yerdəki pis şəraitdən dolayı 8 aylıq bir müddət ərzində 4 dəfə əməliyyat keçirib”.
Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmasının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan öz evinə dustaqlığa köçürülməsini xahiş edib. Bu günlərdə İran prezidenti ölkə müxalifətinin liderləri sayılan, dörd ilə yaxındır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin azadlığa buraxılmasının mümkünlüyündən danışıb. H.Ruhani bildirib ki, heç kəs həbsxanada və dustaqlıqda əbədi qalmayacaq: “Hesab edirəm ki, İrandakı vəziyyət növbəti bir neçə ayda keçmişdəkindən daha yaxşı olacaq”.
APA