“Məhkəmə-Hüquq Şurası üzərinə düşən böyük məsuliyyəti hiss etməlidir"

10:55 | 26.05.2015
“Məhkəmə-Hüquq Şurası üzərinə düşən böyük məsuliyyəti hiss etməlidir

“Məhkəmə-Hüquq Şurası üzərinə düşən böyük məsuliyyəti hiss etməlidir"

"Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası məhkəmələrin fəaliyyətinin təmin olunmasında böyük rol oynayıb. Bu rol bu gün də artmaqdadır. Məhkəmə-Hüquq Şurası haqqında qanunvericiliyə son illər ərzində edilmiş dəyişikliklər bu qurumun məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı səlahiyyətlərini daha da genişləndirib. Nəticədə Şura məhkəmələr və hakimlərlə bağlı məsələlərin səmərəli həlli üçün əlavə hüquqi vasitələr əldə edib”.
 
"Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Fuad Ələsgərov MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Prezident Administrasiyasının rəsmisi on il bundan əvvəl Məhkəmə-Hüquq Şurasının yaradılmasının ölkədə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verdiyini bildirib.

Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının öz fəaliyyətini ilk növbədə müstəqillik, qanunçuluq, şəffaflıq, yaxşı idarəçilik, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurduğunu və bunun nəticəsində cəmiyyətimizdə nüfuz qazandığını bildirib.

Fuad Ələsgərov deyib ki, Azərbaycan Prezidentinin Məhkəmə-Hüquq Şurasına göstərdiyi dəstək səmərəli və ədalətli məhkəmə sisteminin bu günün ən mühüm tələblərindən biri olması ilə bağlıdır: "Məhkəmələrin qəbul etdiyi qərarlar cəmiyyətimizin həyatının bir çox sahələrinə təsir göstərir. Bu baxımdan, hakim korpusunun formalaşmasında, hakimlərin yüksək peşə hazırlığının və intizamının təmin edilməsində əsas rol oynayan Məhkəmə-Hüquq Şurasının üzvləri üzərinə düşən böyük məsuliyyəti hiss etməli və vəzifələrinin icrasına prinsipial yanaşmalıdırlar”.

Prezident Administrasiyasının rəsmisi Məhkəmə-Hüquq Şurası üzvlərinin bu işin öhdəsindən layiqincə gələcəklərinə və Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə fəaliyyətlərində yeni nailiyyətlər əldə edəcəklərinə əminliyini vurğulayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM