Tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumların xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı davam edir.
ANS PRESS-in Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Penitensiar xidmətin Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir 17.10.2014-cü il tarixdə “Dövlət Müstəqilliyi Günü” ərəfəsində keçirilib.
Yeniyetmələr – Məmmədov Məhərrəm və Məhərrəmov Əliyarın xahişləri nəzərə alınaraq gəzintidən əvvəl Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.
Şəhərimizin tarixi abidələri olan İçəri şəhər və Qız qalasına ekskursiyadan, eləcə də yeni sima almış Milli Parkda gəzintidən və bədii filmə tamaşadan sonra Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.