Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" informasiya agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.
"Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu barədə cebhe.info-ya açıqlamasında sanksiyanın əslində heç bir əsasının olmadığını deyib:
"Mənə olan qərəzlərə normal kimi baxıram. Çünki onlar bilirlər ki, hansı vəziyyətə, tələyə gəlib düşüblər. Ona görə də böyük qısqanclıq var ki, mən bu tələyə düşməmişəm. Əslində heç nə yox idi və siyasi nöqteyi-nəzərdən məsələ həll olunanda, texniki məsələlər də həll olunub. O sifarişli iş idi və kim sifariş verib, o da onu ləğv edib”.
Qeyd edək ki, Vergilər Nazirliyinin avqustun 25-də yaydığı məlumatda bildirilir ki, "Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyi tərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanmışdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !