Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü

15:04 | 25.09.2018
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva sentyabrın 25-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Anews.az azərtag-a istinadən xəbər verir ki, Senatın sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı səmimiyyətlə salamladı, Azərbaycan-İtaliya münasibətlərini, o cümlədən parlamentlərarası əlaqələri yüksək qiymətləndirdi. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğuladı.

Maria Elisabetta Alberti Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatında keçirilən konfransın əhəmiyyətinə toxunaraq qeyd etdi ki, Azərbaycan ötən əsrin əvvəllərində demokratiya, mütərəqqi ideyaların daşıyıcısı kimi mühüm addımlar atıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirən Maria Elisabetta Alberti Kasellati dedi ki, Heydər Əliyev Fondu İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirir. Bütün bu işlərə görə Mehriban Əliyevaya minnətdarlığını bildirən Senatın sədri bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva səmimi görüşə görə təşəkkürünü bildirdi, Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə İtaliya Senatının sədrinə minnətdarlığını ifadə etdi.

Görüşdə vurğulandı ki, İtaliya Prezidentinin bu ilin iyulunda Azərbaycana səfəri əlaqələrimizin səviyyəsinin göstəricisidir. Bu səfər çərçivəsində aparılan səmərəli danışıqlar əlaqələrimizin inkişafına mühüm töhfə verəcək.

Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirildi. Qeyd edildi ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulandı ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM