Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - Yenilənib

22:01 | 31.10.2024
Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - Yenilənib

Mehriban Əliyeva Talassemiya Mərkəzində olub - Yenilənib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.

Səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb.

Birinci vitse-prezidentə məlumat verilib ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə daim önəm verdiyini bildirib.

Tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun "Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
 
 ***

Oktyabrın 31-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Azərbaycan Dövlət Pantomim Teatrının binasında mövcud vəziyyətlə tanış olublar.

Mədəniyyət naziri Adil Kərimli Mehriban Əliyevaya və ailə üzvlərinə teatr haqqında məlumat verib.

Bildirilib ki, respublikanın tanınmış teatr kollektivlərindən olan Azərbaycan Dövlət Pantomim Teatrı 1994-cü ildə teatr-studiya kimi yaradılıb. Studiya altı il müddətində Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərib. 2000-ci il martın 6-da kollektivə dövlət statusu verilib. 2005-ci ildən isə Azərbaycan Dövlət Pantomim Teatrı keçmiş "Şəfəq” kinoteatrının binasında yerləşdirilib.

Otuz ildən artıq dövrdə Pantomim Teatrında bir çox müəlliflərin əsərləri səhnələşdirilib. Teatrın bu növünün əsas üstünlüklərindən biri onun üçün dil baryerinin olmamasıdır. Ötən müddət ərzində kollektiv Almaniya, Avstriya, Bolqarıstan, İsveçrə, Gürcüstan, Qazaxıstan, Mərakeş, Rusiya və digər ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil edib.

Bu gün Pantomim Teatrı ən çox ziyarət olunan və böyük tamaşaçı məhəbbəti qazanan mədəniyyət ocaqlarından biridir.

Azərbaycan Dövlət Pantomim Teatrının hazırda yerləşdiyi bina 1900-cü ildə inşa olunub və yerli əhəmiyyətli memarlıq abidələri siyahısındadır.
Mövcud vəziyyətlə tanışlıq zamanı binada görülməli olan zəruri təmir işləri barədə də məlumat verilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti