Bir şagirdin məktəbə hazırlığı neçəyə başa gəlir? - FOTOLAR

16:10 | 15.09.2021
Sentyabrın 22-dən 2021-2022-ci tədris ilinə start verilir. Yeni dərs ilinə hazırlıq zamanı  valideynlər məktəbli forması və ləvazimatların alış-verişinə başlayıb. 

Bəs, valideynlərin bazarda məktəb üçün lazımlı şeylərin qiymətlərinə münasibəti necədir?
 
Övladları 4-cü sinifdə oxuyan Aytən Məmmədova bu il qiymətlərin baha olduğunu düşünür. Onun sözlərinə görə, ötən illərdə 20 manata aldığı çanta bu il 25 manatadır:

"Mən məktəbə iki uşaq göndərirəm. Sədərəkdən bazarlıq etdim, hər uşağa 78 manat yalnız məktəb ləvazimatına pul ödədim. İnsanları soyurlar. Oğlum 1-ci sinifə gedəndə pandemiya yox idi, qiymətlər aşağı idi. İndi isə aylarla iş yerləri bağlı qalıb, amma qiymətlər od bahasıdır. Məktəbli formalarının isə qiyməti sabitdir", deyə valideyn bildirdi.


Qızı 11-ci sinifə gedən Aliyə Əzimli isə bu il qiymətlərin  aşağı olduğunu düşünür:

"Keçən il qiymətlər baha idi, satıcılar və istehsalçılar COVID-19 pandemiyasının  insanların maddi durumuna  etdiyi təsiri görmürdü. Amma bu il hiss olunur ki, artıq qiymətlər tənzimlənib. Məktəb üçün lazım olacaq ləvazimatlar və formaya bu il 100 manat ödəmişəm, amma keçən il 150 manatdan çox pulum çıxmışdı ”, - deyə Aliyə Əzimli bildirdi. 

Həmsöhbətimiz olan digər bir valideyn isə bildirdi ki, məktəb ləvazimatlarının qiymətləri fərqlidir. Sözügedən valideyn ən ucuz ləvazimatları tapa bilmək üçün 3-4 gündür müxtəlif mağazaları gəzib:

"2 gün əvvəl "8-ci kilometr" bazarında oldum. Çantalar orada daha ucuz idi. 15 manata keyfiyyətli çanta aldım. Bakı Tikiş Evindən illərdir dəyişməyən qiymətə - 46 manata aldım. İndi isə 28 May metro stansiyasının çıxışında yerləşən keçid ticarət mərkəzindən saç lenti, ayaqqabı və məktəb üçün dəftər-kitab alacam”, deyə valideyn sevincini bizimlə bölüşdü. 
 
Valideyn Həsən Seyfəlovda qiymətlərin aşağı olduğunu düşünür. Lakin o çeşidlərin az olduğunu bildirib:
 
"Qiymətlər büdcəyə uyğundur. Əsas valideynin özündən asılıdır ki, büdcəsinə uyğun mağaza tapa bilsin. Amma mənə elə gəlir ki, bu il fərqli məhsullar yoxdur, hamısı bir-birinə bənzəyir",-deyə valideyn öz münasibətini bölüşdü. 



Məktəb bazarlığı edən valideynlərlə apardığımız sorğunun ümumi nəticəsi olaraq isə respondentlərin 70 faizi qiymətlərdə artım olmadığını düşünür. Digər 30 faizə daxil olan valideynlər isə qiymətlərin baha olduğunu bildirdi. 

Məktəb ləvazimatlarının satışı ilə məşğul olan satıcıların əksəriyyəti isə qiymətlərdə artım olmadığını bildirdi. Satıcıların sözlərinə görə, alıcıların sayında ötən illərlə müqayisədə fərq var. 


"8-ci kilometr" bazarında çalışan Əmir Məmmədov (şərti ad, red)  müştərilərin bol, qiymətin aşağı olduğunu söylədi: 

"Ötən il 3000 manata yaxın ziyana düşdüm. Çünki gətirdiyim məktəb ləvazimatları satılmadı, hamısı mağazada qaldı. Bu il isə qorxumdan az gətirdim. Amma Təhsil Nazirinin qərarı açıqlamasından sonra satışların artması ilə bütün məhsulları sata bildim”,- deyə Əmir Məmmədov bildirdi.

Sədərək bazarında məktəb ləvazimatları satan Ruslana Verdiyeva da müştəri sayında artım olduğunu söylədi:

"COVID-19-un tanrı bəlasını versin. Ona görə keçən il gün üzü görə bilmədik. Bu il isə məktəblər açılacaq deyə valideynlər bazarlıq etməyə başlayıb. Onların maddi durumunu nəzərə alıb, həm də satışlar azalmasın deyə aşağı qiymətlər qoymuşuq”, - deyə Verdiyeva məlumat verdi. 

Adının anonim qalmasını istəyən, 28 May metro stansiyasının çıxışında yerləşən keçid ticarət mərkəzində çalışan  bir satıcı bizimlə söhbətdə müştəri sayının azlığından gileyləndi: 

"Əvvəllər məktəb  yaxınlaşanda mağazada insan çoxluğundan tərpənmək olmurdu. İndi isə alıcı sayı 50 faiz azalıb. Adamlarda pul yoxdur ki, gəlib alış-veriş eləsinlər”,-deyə satıcı bildirdi. 


Müşahidələr nəticəsində məlum oldu ki, bu il məktəbli formasının qiymətində dəyişiklik edilməyib. Yeni formalar təsdiq olunmadığından ötən illərdə istifadə olunan formalar satışa çıxarılıb. Həmin formalar da Bakı Tikiş Evində(BTE)  hazırlanır və oradan mağazalara ötürülür. 

Bakı Tikiş Evinin əməkdaşları bildirdi ki,  məktəbli formaları üçün müraciətlərə artıq başlanıb: 

"Dərslərin açılması barədə qərarlardan sonra isə tələbat artıb. Məktəb formalarının qiymətləri isə əvvəlki illərlə müqayisədə nə artıb, nə də ki, azalıb. 1-6-cı siniflər üçün 26-44 ölçüdə formanın qiyməti 40 manat, 7-11-ci siniflər üçün isə 32-54 ölçülü formalar 46 manatdan satılır”,- deyə BTE əməkdaşları bildirdi. 


Məktəbli formasından əlavə olaraq, uşaqlar üçün olan məktəbli jaketlərin qiyməti 5-20 manat arasında dəyişir. Keyfiyyətindən asılı olaraq məktəbli ağ köynəkləri 10-50 manat, ayaqqabıların qiyməti isə 10-80 manat arasındadır.

Məktəbli qızlar üçün saç aksesuarlarının qiyməti 50 qəpikdən başlayır, 4 manata kimi davam edir. Qızlar üçün ağ bəzəkli corablar 2 manata, kalqotqalar isə 4-5 manatadır. Kəmərlərin qiyməti 2 manatdan başlayır, 10 manata qədər artır. Sadalanan geyimləri, məktəbli formalarını və lazım olacaq digər geyim ləvazimatlarını da əlavə etsək, bir şagirdin məktəb üçün geyimlərinin qiyməti aşağısı 150 manata başa gəlir.

İqtisadçı eskpert Akif Nəsirli ənənəvi tədris davam edərsə qiymətlərdə artım məsələsinin gündəmə gələcəyini düşünür :

"Məktəb ləvazimatları qiymətində hər hansı artımın olması gözlənilən haldır. Amma bu ötən illərlə müqayisədə aşağı olacaq. Çünki insanların maddi durumu və alıcılıq qabiliyyəti aşağıdır. Kəskin artımların olacağını düşünmürəm. Yalnız o halda artım baş verə bilər ki, ənənəvi tədris uzunmüddətli olsun və insanların maddi vəziyyəti yaxşılaşsın”,- deyə ekspert bildirdi. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) məlumatına görə, son günlərdə tələbat artdığı üçün məktəb ləvazimatlarının qiymətində 4 faizə qədər bahalaşma müşahidə edilir:

"Əyani təhsilin bərpası ilə bağlı rəsmi açıqlamadan sonra məktəb ləvazimatlarına, o cümlədən məktəbli geyimlərinə tələb artıb. Məktəbli geyimlərinin qiyməti hələlik stabildir, qiymətlərdə xüsusi bir dəyişiklik yoxdur, sadəcə tələbin artması müşahidə edilir. Ancaq məktəb ləvazimatlarının qiymətində cüzi də olsa dəyişiklik müşahidə olunub. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində təxminən 4 faizə yaxın artım müşahidə edilir. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var”,- deyə məlumatda bildirilib.

Anews.az-ın əməkdaşı müxtəlif ərazilərdə yerləşən məktəb ləvazimatları və geyimləri satılan mağazalarda qiymətlər ilə maraqlanıb. Müşahidələrə əsasən, məktəb ləvazimatlarının qiymətlərini təqdim edirik: 


Qələm - 0.10 AZN-dən 3.50 AZN-ə qədər;


Sadə karandaş - 0.15 AZN-dən 1.50 AZN-də qədər;


Karandaşyonan - 0.25 AZN-dən 3.50 AZN-ə qədər;


Pozan - 0.20 AZN-dən 1.50 AZN-ə qədər; 


Rəngli karandaşlar - 1 AZN-dən 28 AZN-ə qədər;


Marker - 2.50 AZN-dən başlayaraq qiymət dəyişir


Təbaşir - 2 AZN-dən 15 AZN-ə qədər;


Qeyd dəftərləri - 0.50 AZN-dən 28 AZN-ə qədər;


Çantalar - 15 AZN-dən 90 AZN-ə qədər;


Plastilin  - 0.80 AZN-dən 15 AZN-ə qədər;


Penal -  2 AZN-dən başlayaraq qiymətlər dəyişir


Rəngli kağızlar - 0.40 AZN-dən 2 AZN-ə qədər;


Rəsm albomu - 0.40 AZN-dən 3 AZN-ə qədər;


Su qabı və termoslar - 6 AZN-dən 20 AZN-ə qədər;


Dəftər və kitab üzləri - 0.15 AZN-dən 5 AZN-ə qədər;


Qovluqlar - 0.50 AZN-dən ; 20 AZN-ə qədər;


Yapışqan - 0.35 AZN-dən 3.50 AZN-ə qədər;


Ağardıcı - 0.80 AZN-dən 5 AZN-ə qədər;


Sulu və yağlı boya - 3 AZN-dən 20 AZN-də qədər;


Flomaster - 1.50 AZN-dən 25 AZN-ə qədər;


Xətkeş - 0.40 AZN-dən 10 AZN-ə qədər;

Dəftərlər 12 vərəqlidən 100 vərəqliyə qədər çeşidlənir. Naziküzlü dəftərlərin qiyməti 0.15 AZN-dən, qalınüzlü dəftərlər isə 0.20 AZN-dən 4 AZN-ə qədər dəyişir.

Hazırda 2021-2022-ci tədris ili üçün nəzərdə tutulan yeni iş dəftərləri və məktəbli kitabçaları satışa buraxılmayıb. Sentyabrın 5-dən onların satışa buraxılması gözlənilir. Ötən il satışa çıxarılan iş dəftərlərinin qiyməti 4-10 manat aralığında, məktəbli kitablarının qiyməti isə 6-7 manatdır. Hələ ki, mağazalarda ötən ilki buraxılışlar satılır. Satıcıların sözlərinə görə, əksər hallarda bu məhsulların qiymətində fərq olmur. 


Hesablamalar əsasında məlum oldu ki, ibtidai siniflər üçün ləvazimatlarla dolu 1 məktəbli çantası ən aşağı 60 AZN-ə, V sinif və daha yuxarı siniflərdə təhsil alan şagirdlər üçün isə 90 AZN-ə başa gəlir. Bu məbləğlərin üzərinə məktəbli formasını gəldikdə isə bir ibtidai sinif şagirdin məktəbə gedə bilməsi üçün təqribən 150 manat, 5-11-ci sinif şagirdi üçün isə 200 manat xərclənməlidir.  Sözügedən qiymətlər mağazanın yerləşdiyi əraziyə, eləcə də məhsulun keyfiyyət göstəricilərinə uyğun dəyişə bilər. 

Azərbaycanın təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə verilən qərara görə, sentyabrın 22-də ibtidai siniflərdə, sentyabrın 29-da isə orta və yuxarı siniflərdə əyani dərslərə başlanacaq. 





 
Hazırladı: Ləman Qasımova
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM