Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr olunub.
BŞTİ-dən AzVision.az-a bildirilib ki, dərslər ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli faciəvi hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, onlarda düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədi daşıyır.
Dərslər xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açıblar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olunub.
Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirib və hazırladıqları fotostendləri, guşələri nümayiş etdiriblər.
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar təhsil müəssisələrinin müəllim və şagirdlərinin "Ana fəryadı” abidəsinə ziyarəti davam edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !