Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının 42-ci sessiyasında çıxış edib.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov deyib ki, sonuncu iclasdan keçən dövr ərzində Pakistanın Peşəvər məktəbindəki qətliam, Nigeriyada "Boko Haram” qəddarlığı, Parisdə amansız qətllər və "İŞİD” tərəfindən törədilən vəhşiliklər, həmçinin Səudiyyə Ərəbistanı Krallığındakı məsciddə baş vermiş son olaylar kimi kədərli və faciəli hadisələr baş verib:
"Bu mənfur əməllərin icraçılarının dini təhrif edərək öz qeyri-insani məqsədləri üçün istifadə etmələri dərin təəssüf hissi doğurur. Nəticədə, bu əməllərin hamısı İslam dininin dünyanın bəzi hissələrində yanlış başa düşülməsinə gətirib çıxarır. İslam bütün etiqadların insanları arasında sülhü və qarşılıqlı anlaşmanı təşviq edən dindir və dini mənsubiyyətindən asılı olmayaraq istənilən insana qarşı zorakılıq və təcavüzün bütün formalarını qəti şəkildə qadağan edir.
Azərbaycan Respublikası daim dinlərin nüfuzuna xələl gətirilməsi və dini zəmində nifrətin alovlandırılmasına qarşı mübarizəyə çağırıb. Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olan terrorizmin bütün forma və təzahürlərini və kim tərəfindən, harada və nə məqsədlə törədilməsindən asılı olmayaraq qınayır.
Multikulturalizm və tolerantlığın inkişafına davamlı töhfələrimizin tərkib hissəsi kimi 18-19 may 2015-ci il tarixində Bakı şəhərində Mədəniyyətlərarası Dialoq üzrə 3-cü Dünya Forumuna ev sahibliyi etməkdən məmnunluq duyduq. Biz növbəti il ölkəmizdə BMT Sivilizasiyalar İttifaqının 7-ci Qlobal Forumuna ev sahibliyi etməkdən qürur duyuruq.
Hamıya məlumdur ki, idman sosial əlaqələrin və şəbəkələrin gücləndirilməsi və sülhün, qardaşlığın, həmrəyliyin, qeyri-zorakılığın və tolerantlığın təşviqi üçün güclü alətdir. Bildiyiniz kimi, 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək və bizim üçün bu səpkidə olan tədbirə ev sahibliyi etmək böyük şərəf və məsuliyyətdir”.
Nazir bildirib ki, Fələstindəki vəziyyət və Əl-Qüds Əl-Şərif məsələsi beynəlxalq ictimaiyyətdən vahid mövqenin olmasını tələb edir:
"Biz İƏT baş katibi və onun heyətinin bizi səylərimizi birləşdirməyə və Fələstin xalqına bütün zəruri dəstəyin göstərilməsi məqsədilə İƏT Nazirlər Əlaqə Qrupunun səfərlərini təşkil etməyə yönəlmiş dəyərli işini yüksək qiymətləndiririk. Azərbaycan hökuməti iki dövlət həllinin tərəfdarıdır və bir daha qardaş Fələstin xalqına sülhə və stabilliyə nail olmaq səylərində və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil dövlətlərinin yaradılmasında tam dəstəyini təsdiq edir”.
E.Məmmədyarov qeyd edib ki, Azərbaycan islam ümmətinə, İƏT üzv dövlətlərinə və İƏT Katibliyinə Azərbaycan ərazilərinin işğal olunması, təcavüz və zəbt edilmiş ərazilərdə etnik təmizləməyə görə Ermənistanın qınanmasındakı uzunmüddətli davamlı mövqelərinə görə bir daha səmimi təşəkkürünü bildirir:
"Biz BMT Təhlükəsizlik Şurasının, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarları ilə tələb olunduğu kimi, İƏT üzv dövlətlərinin Ermənistan silahlı qüvvələrinin bizim bütün işğal edilmiş ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılması tələbini yüksək qiymətləndiririk. Azərbaycan sürətli iqtisadi inkişafın ardınca son illərdə inkişaf edən donor ölkəyə çevrilib.
2012-ci ildən bəri milli donor institutu olan Xarici İşlər Nazirliyinin Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində "Qarşısı alına bilən korluğa qarşı mübarizə ittifaqı” kampaniyası ilə bir sıra Afrika ölkələrində humanitar fəaliyyət göstərib. Nəticədə, kataraktadan əziyyət çəkən minlərlə insanda göz əməliyyatı aparılıb”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !