Mənə nə vaxt dedilər “Qarabağ” haqqında film çəkmək lazımdır mən də çəkmədim?” – Rövşən İsax -VİDEOMÜSAHİBƏ

10:20 | 29.01.2020
 "Azərbaycanda çəkilən seriallar çox səviyyəsizdir"

Anews.az-ın bu dəfəki müsahibi bir çox sevilən seriallara imza atmış rejisor Rövşən İsaxdır. 

Xoş gördük Rövşən bəy. Tamaşaçılar Rövşən İsaxı  sadəcə efirlərdən tanıyır. Bizə biraz tamaşaçıların tanımadığı Rövşən İsaxdan danışın.

Mən də hər kəs kimi sadə bir Azərbaycan vətəndaşıyam. Gəncədə doğulmuşam. Azərbaycan incəsənət universitetini bitirmişəm. Ailəliyəm. 3 övladım var.
 
Uşaqlığınızı necə xatırlayırsınız?

- Uşağlıqda futbol oynamağı çox sevirdim. 6-cı sinifdən sonra dərnəyə yazıldım. Ona görə də 6-cı sinifdən sonra xatirələrimin hamısı dərnəklə bağlıdır. Çoxlu səfərlərə gedirdim. O vaxt sovet dövrü idi. Maraqlı tədbirlər olurdu. Veteranlarla, Gəncə şəhər ziyalıları ilə görüşlər olurdu. Orta məktəbdə 10 il əlaçı olmuşam. Şərəf lövhəsində hər il şəklimi dəyişərdilər. Ağlım kəsən vaxtdan ədəbiyyata marağım çox olub. Çox mütaliə edirdim. 4-cü sinifə keçəndə müəllimlər yeni idi. Bir ədəbiyyat müəlliməmiz var idi. Sual verdi ki, yayda kimsə kitab oxuyubmu? Dedim mən "söyüdlü arx” romanını oxumuşam. Yadıma gəlir ki, mən belə deyəndə müəllimə çox təəccüblənmişdi ki, 10 yaşında uşaq roman oxuyarmı?... Hətta məni lövhə qarşısına çıxardıb sual verdi ki, həqiqətən bilirəm yoxsa yox. İndi də serialda arabir ssenari yazmaq məsələsinin kökündə o  durur. Çünki mənim ssenaristlik təhsilim yoxdur. Onu bizə təcrübə öyrətdi.

- 6-cı sinifdə oxuyanda qərar vermişdim ki, mən aktyor olmaq istəyirəm. Və İncəsənət inustunun "Dram və kino aktyorluq” fakültəsini oxudum. Bir az teatrda çalışdım. Daha sonra bir necə televiziyalarda  çalışdım. İlk  "Aktrisa” filmini çəkəndə özüm üçün inandım ki, mən deyəsən rejisoram. O filmi 2009-cu ildə çəkməyə başladım 2011 –ci ildə təhvil verdim. Ona qədər bir dəfə qısametrajlı film çəkmişdim. Televiziyalarda  3-5 dəqiqəlik çəkdiklərim olmuşdu.Daha sonra "Pərvanələrin rəqsi”, "Sonuncu fəsil” "Vicdan haqqı”, indi də "Yuxu kimi” serialı çəkilir.
 
Azərbaycanda kino yaradıcılarından izləyib öyrənmək istədiyiniz karifeylər olubmu? 

Azərbaycan kinosunda elə bir kino yoxdur ki, ona baxmayım. Bütün filmlərimizə baxmışam. Hansı filmdən bir cümlə sitat desəniz mən deyə bilərəm ki, hansı filmin hansı obrazıdır. Mənim 13 yaşımdan düşdüyüm mühit artıq teatr sahəsinə bağlı idi. Biz indiki Gəncə o vaxtkı Kirabad aktyorları ilə sıx əlaqədə idik. Onlar bizim dərnəyimizə gələrdi. Bizim teatra girişimiz sərbəst idi. Dərnək müəllimiz var idi Qurban Abbasov. Bizi bəzən "daxili baxış”a aparırdı. Biz o daxili baxışda müzakirələri kənardan oturub dinləyirdik. Öyrənirdik ki, tamaşalar necə müzakirə olunur. O səbədən mən bütün rejisorlarla maraqlanmışam. Bir sözlə nə qədər informasiya almaq şansım var idisə o qədər çox məlumat alırdım.

Azərbaycanda teatr fəaliyyətini bəyənirsizmi?

-Mənim fikrimi səmimi bilmək istəyirsinizsə bəyənmirəm.  Artıq bir ildən çoxdur ki, teatra tamaşaya baxmağa getmirəm. Əgər teatra tamaşaya baxmağa getmək istəyirsənsə bir ildə 2 saat vaxt tapıb gedə bilmədim desəm düz olmaz. İnsanların da  teatra münasibəti dəyişib. Tamaşa gedən vaxtı zalda telefonlar zəng çalır, aktyorların oynadığı tamaşaya soyuq yanaşdığının şahidi oldum. Nə isə gileylənməyim.... Yaxşı tamaşalar da var. Ən sıx getdiyim teatr "Pontomimo” teatrıdır. Mənim üçün o teatrın bir ayrı yeri var. Bir də gördüyünüz o diplom( diplomu göstərir)  mənə pontomimo teatrının yaradılmasında göstərdiyim əməyə görə verilib. O teatrın bütün tamaşalarına baxmışam. Hər dəfə yeni tamaşalar da olanda dəvət edirlər gedib baxıram.
 
Aktyorlarımızdan biri demişdir ki, yaxşı aktyor reklama çəkilməz, toyda tamadalıq etməz. Necə düşünürsüz?

-Qəti şəkildə bu fikirlə razı deyiləm. Mən də arzu edərdim ki, atyorlar toyda tamadalıq etməsin.  Heç vaxt o işlə məşğul olmamışam, amma tamadalıq edən aktyorlarla söhbət etmişəm. Həddindən artıq ağır işdi. Aktyorun ehtiyacı olmasa gedib o işlə məşğul olmaz. Amma reklama çəkilmək  fikri ilə qəti şəkildə razı deyiləm. Aktyor səviyyəsiz reklama çəkilməsə yaxşıdır. Dünyanın ən kefiyyətli aktyorları və ən varlı aktyorları belə reklamlara çəkilir. Burda qeyri-etik heçnə yoxdur.

-Raziyam ki, bəzi elə reklam çarxları hazırlanır ki, adamın əti ürpəşir. Reklam əgər kefiyyətsiz və səviyyəsizdirsə buna görə aktyor məsuliyyət daşımır.
 
Müsahibələrinizin birində oxumuşdum ki, "Azərbaycan kişisi " haqqında film çəkmək istəyirsiniz. Maraqlıdır ki, düşüncələrinizdə bunu necə canlandırırsınız?

-Bir fakt var. Mən bununla orta məktəbdə oxuyanda rastlaşmışam. Təxminən `14 -15 yaşım olardı. Bir kitab var idi. Müstəntiq 80 yaşında təqaüdə çıxandan sonra öz iş təcrübəsində rastlaşdığı 7-8 maraqlı faktı orda hekayə kimi yazmışdı.  O, hekayələrdən biri məni bərk təsirləndirmişdi. Üstündən 30 ilə yaxın vaxt keçəndən sonra mən o hekayədə yadımda qalanlar haqqında bir xətt üzərində ssenari qurdum. Azərbaycanlı kişisi, azərbaycanlı ailəsi, ailə sevgisi, övlad sevgisi nədir gözəl bir ssenari əmələ gəldi. Onu nəzərdə tutub demişəm ki, istiyərdim çəkim. Əslində ayrı-ayrı vaxtlarda onu çəkməyə imkan düşüb. Büdcəsi az olduğu üçün heyfim gəlib, çünki düşündüklərimi yüksək səviyyədə çəkmək istəyirəm. Ona görə hələ başlamaq qismət olmayıb.
 
Azərbaycanda özünüzə rəqib həmkar varmı?

-Bütün rejisorlar rəqib deyil. Bura boks rinqi deyil ki, mən kimisə özümə rəqib bilim. Allah hamının yolunu açıq eləsin. Hər bir azərbaycanlı rejisorun hardasa ən kiçiyindən ən böyüyünə qədər əldə etdiyi qələbəni ayaqüstə alqışlayırıq. Həqiqətən çox əziyyətli işdir. Bu iş cəfakeşlik istəyir. Gecəmizlə-gündüzümüz bilinmir. Qrafik yox. Seriala baxanda o çətinlikləri görmək olmur, amma o filmi çəkənə qədər biz nə qədər əziyyətlərdən keçirik. Ona görə də burda rəqib söhbəti ola bilməz. Bəlkə bu fikirlə işləyən rejisorlar var deyə bilmərəm, amma tam səmimi mən elə fikirlərdən tam uzaq adamam. Bizim "Yuxu kimi” serialının anonsu efirdə yayımlananda Kənan MM, Elməddin Cəfərov mənə zəng edib dedilər ki, göndərin biz də paylaşaq. Burda söhbət dostluqdan gedir.
 
Bu qədər əziyyətli işin qarşısında sizin və aktyorların aldığı qonarar kifayət edirmi? Türkiyədə xırda bir epizod üçün aktyora yüksək qonarar verilir
 
-Əslində bu sualın cavabını özünüz bilirsiniz və mən də bu suala cavab verməkdən bezmişəm. Azərbaycanda kim gördüyü  işinin müqavilində Türkiyədəki, Rusiyadakı, Amerikadakı, Fransadakı qədər pul alır. Eləcə də aktyorlar, rejisorlar. Mən eyni işi Türkiyədə görsəydim təbii ki, mənim maddi vəziyyətim bu gündən dəfələrlə daha yaxşı olacaqdı.
 
Təkliflər almısınızmı?

-Mən ayılanda ki, mənə edilən təkliflər qiymətləndirmək lazımdır onda gec idi. Həyat şərtləri imkan vermir. Mənə edilən ən gözəl təklifi 26 yaşımda itirmişəm. O zaman İspaniyaya dəvət aldım və getmədim. Bunu kamera qarşısında ilk dəfədir deyirəm. Düşünürdüm ki, biz müstəqillik qazanmışıq və hər şey yaxşı olacaq.

Öz çəkdiyiniz seriallar arasında sizə ən çox doğma olan işiniz hansıdır?

- "Aktrisa” bədii filmi. Dövlət sifarişli film idi.  Bilirsiz biri var 90 dəqiqəlik filmi bir həftəyə çəkirsən, biri var  2 ilə çəkirsən. Təbii ki, bunun kefiyyətində də fərq var. Onun hər saniyəsinin üstündə əsirsən. İndi sosial şəbəkələr var deyə tamaşaçısların sözünü demək, yazmaq imkanı daha çoxdur. Ona görə bəzən olur ki, kiminsə əli girir kadra, aktrisanın burda sırğası var, çölə çıxanda sırğası olmur. Niyə? Çünki hansısa bir kadrı 18 saatın tamamında çəkmiş olursan. Nə qədər fikrini toplasan da diqqətin özündə olmur. Bəzi şeylər var ki, çəkiliş vaxtı bilirik ki, bu səhvdir. Və onu düzəltmək imkanı yoxdur.
 
-Hamının ünvanına demirəm amma bizim bəzi tamaşaçılar var ki, vay o gündən bir şeyi səhv edəsən. Youtube-dakı comentlərdən girib baxanda görürsən ki  istənilən qədər səhv axtaran tamaşaçılar var.  Mən Türkiyədə prodakşnda söhbət edəndə dedilər ki, onlarda komanda da 64 nəfər adam işləyir. Biz isə 14 nəfərlə çalışırıq. 3-4 nəfər qrimyor olur. 5 nəfər kostum işinə baxan adam olur. Bizdə isə ştativi də özümüz daşıyırıq, paltarı da....Əslində bunları deməkdən çox yorulmuşam, amma təəssüf ki, reallığımız budur. Bəzən ona görə istəmədən belə səhvlər olur. Bağışlayan tamaşaçılar çoxsağolsun, Bağışlamayanlar da yenə sağolsunlar...

-Sizə maraqlı bir hadisə danışım. Təsəvvür edin ki, "Vicdan haqqı” serialının birinci seriası yayımlandı. Bir xeyli məktublar aldıq. Məktubun birini oxudum. Biri yazmışdır ki, müəllim 3 dəfə baxdım birinci seriayaya, səhv tapa bilmədim təbrik edirəm. Özümə də maraqlı gəldi ki, bu kimdir. Bir ucqar rayonda orta məktəb müəllimi. Fikirləşirəm ki, bu adamın nəyinə lazımdır ki, bu dırnağını gəmirə-gəmirə 3 dəfə baxır ki, mən burda səhv tapacam. Axı belə insanlar niyə özünə bu qədər əziyyət verir...
 
-Bu yaxınlarda Türkiyədə bir serial gördüm, adını da bilmirəm. Situasiya təxminən belə idi: qız barmağından üzüyü çıxarıb, masanın yanında oturan oğlanın qarşısına qoyub çamadanı götürüb, otaqdan çıxır. Seriala baxmamışam. Buna qədər nə baş verib bilmirəm. 9 dəqiqə bu epizod uzandı. 9 dəqiqədə 3 musiqi dəyişdi. Maraq üçün girib youtube-da bu videoyaya baxmışam ki, görüm altında yazılan comentlər necədir. Həmin videonun altında heçnə görmədim. Bizdə insanlar var ki, hər seria oturub mən daha bu seriala baxmıyacam deyir.  Əgər baxırsansa normal oturub bax. Baxmırsansa  youtub-da girib ona şərh yazma. O nə xəstəlikdirsə onun adını tapa bilmirəm. Olmazmı ki, bir-birimizi dəstəkliyək, gücümüz heçnəyə çatmasa belə acı söz deyib ürək qırmıyaq. Dediklərimi hamıya aid etmirəm. Amma belə insanlar var.
 
- Bir də hər şeyə don geyindirən adamlar var. Mən də istəyirəm  Qarabağdan film çəkim, Azərbaycanın tarixindən film çəkim. Adamlar elə bilirlər ki, bunların hamısını etməyə mənim şansım var, amma nəyə görəsə mən ailə-məişət mövzusunda çəkirəm. Qarabağdan bir film çəkməkdən ötrü bir tankın bir az hərəkəti üçün bilirsinizmi nə qədər xərc tələb olunur. Bu dövlət səviyyəsində olmalıdır. Məgər mənə dedilərmi ki, Qarabağ haqqında film çək, mən də dedim çəkmirəm?!...Çəkdiklərim dişimlə- dırnağımla əldə etdiklərimdir ki, onu da ancaq bu cür serial çəkə bilirəm. Bu fikirlə yaşıyan insanlara demək istəyirəm ki, etməsinlər. Bir də elə həqiqətlər var ki, onu ekrandan deyəndə pis oluruq.Ən çox özünə tənqidi yanaşan millət italiyanlardır. Hər dəfə milli mentalitet deyirik, başa düşürəm ki, bizim mental dəyərlərimiz var ki, bizim üçün əzizdir. Azdırmı, kiminsə evində çörək yeyib, oğurluq edən şəxs. Başa düşürəm bizim mentalitetə ziddir. Amma bu birbaşa insanlığa xas olan şeydir. Bütün insanlarda sevmək və nifrət etmək qabiyyəti də var.
Bir də burdan oxuculara və tamaşaçılara səslənmək istəyirəm ki,
 
 

-Mən müəllif kimi onun tərəfində dursam ki , oğurluq etmək düzgün əməldir, o zaman mən onu təbliğ etmiş oluram. "Vicdan haqqı” serialında ən çox eşitdiyim fikirlər bu idi ki, İmranı öldür serialdan çıxart, daha tamaşaçı başa düşmür ki, İmranı öldürsəm daha kinonun marağı qalmaz. Çünki problem olmasa maraqlı olmaz. Hətta o kino haqqında mənə yazmışdılar ki, bu kino iki arvadlılığı təbliğ edir. Bu necə iki arvadlılığı təbliğ edir ki, qızının nişanı qayıdır, oğlu özünü asır. Belə təbliğat olarmı?...Kinoda çəkilən  hadisələr birbaşa həyatı reallıqları əks etdirir. Həyat belədir.

Azərbaycanda yayımlanan serialları izliyirsizmi?

-Xeyr. Çünki çox səviyyəsizdir. Mən bunu müəyyən müddət demək istəmirdim. Sonra başa düşdüm ki, yalançı səmimiyyət nəyə lazımdır. Bir kiçik  misal çəkəcəm o seriallardan. 4 nəfər yan-yana oturub. Ona görə belə oturublar ki, belə çəkmək daha asandır. Obrazlarından dilində belə bir söz var. Əsəbimdən otura bilmirəm, deyir və oturur, ayağa qalxmır. Bu qədər səti yanaşmaq olmaz. Bu da nəticə etibarı ilə ona gətirib çıxarır ki, biz tamaşaçıları ekrandan küsdürürük. Onlarda belə bir fikir formalaşır ki, biz bunu bacarmırıq. Bunun da ilk növbədə məsuliyyətini kanallar daşımalıdır. Əgər görürsənsə bu qədər səviyyəsizdir yayımlama. Mən çəkən adamı qınamıram. Gücü ona çatır onu yarada bilir. Bunu gərək televiziya  kanalı yayımlamasın.

Rövşən İsax televiziya rəhbəri olsa hansı layihələri görmək istəməz?

Mən bu haqda heçnə deyə bilmərəm. Çünki fikir bildirməkdən ötrü oturub kanallarda yayımlanan verlişləri izləməliyəm. Buna da vaxtım yoxdur. Səhər imkan düşəndə səhər verlişinə baxıram, arada xəbərlər izləyirəm bir də bizim serial yayımlananda ona baxıram. Serial çəkilişində olanda demək olar ki, televiziya çəklişini izləmək olmur. Mən televiziyalarda ən çox bilik yarışmalarını, tok-şouları xoşluyuram.

İlk obrazınız yadınızda qalıbmı?

-Dərnəkdəki ilk obrazım dovşan rolu olub. İnisitut dövründə isə "İstintaq” filmindən bir hissə hazırlamışdıq orda müstəntiq rolunu oynamışdım. Baş rolum "diplom” tamaşamda olub. Teatrda isə Əli Əmirlinin "meydan” əsəri vardı teatrda ilk böyük rolum o idi. Filmdə isə ilk dəfə Ayaz Salayevin "Yarasa” filmində rəssam rolunu canlandırmışam.

Rövşən müəllim öz yaratdıqlarını bir tamaşaçı kimi necə qiymətləndirir?

-Yaxşısı da var, pisi də var. Zəifi də var, düzü də var, səhvi də var. Məncə bütün rejisorlar belə fikirləşir ki, çəkmiş olduğu hansısa filmə baxanda üstündən müəyyən qədər keçəndən sonra baxdıqlarına yenidən baxanda deyir ki, indiki ağlım olsaydı belə edərdim. Eyni hal məndə də var. Bizim indi Həsən Seyidbəylilər, Tofiq Tağızadələr, Rasim Ocağovlar kimi kamfortumuz yoxdur. Zaman və dövr başqadır.

Özünüzlə tək olanda sual verib cavab ala bilmədiyiniz sual olubmu?

-Bəli o sual o qədərdir ki...Yox bu barədə danışmaq istəmirəm.(fikirə gedir)  O sualı ki, özümə verirəm mən o sualı heç kimə demərəm….

Adətən rejisorların reytinq qorxusu olur. Sizdə bu qorxu olubmu?

Mən ümumiyyətlə ilk dəfə "Yuxu kimi” serialında reytinqlə maraqlanmışam. Əslində reytinq maraqlandırır amma bu haqda fikirləşmirəm. Məsələn bunu belə etsəm reytinq yaxşı olar düşüncəsi ilə yaşamıram. Bəlkədə düz eləmirəm. Onu da deyim ki, birmənalı olaraq mənim seriallarım həmişə öndə olub. Birdənə "Sonuncu Fəsil”də axsadıq. Onun da səbəbi onda oldu ki, gözümü əməliyyat etdirmişdim. O işə hazırlıqsız başladıq.

Biraz "Yuxu kimi” serialından danışaq. Tamaşaçıları hansı maraqlı səhnələr gözlüyür?

Serialın marağı ondadır ki, tamaşaçı üçün o gözlənilməz olsun. Mən onu desəm bu artıq maraqsız olar. Serial ona görə həftə sonu elə yerdə bitir ki, insanlar maraqda qalır ki, bunun axırı necə olacaq? Biz hətta aktyorlarla danışmışıq ki, kimsə nəsə soruşsa belə demək olmaz. Aktyorlara çəkiliş meydançasından şəkil paylaşmağı qadağan etmişik. Tamaşaçılara burdan səslənirəm  mənim çəkdiyim seriallarda əxlaqsız, qeyri-etik heçnə olmayıb. Və kişi kimi də söz verirəm heçvaxt elə şey ola bilməz.

Serial Azərbaycanın bir neçə rayonunda çəkilir…

Tamaşaçılardan çoxlu mesajlar alırıq ki, serial harda çəkilir. Çəkilişlərimiz əsasən Tovuzun "Məşədilər” kəndində, bir də Şəmkirin  "Tatarlı” kəndində çəkilir. Bəzi səhnələr də  Gəncədə çəkilib. Bu bölgələrin seçilməyinin səbəbi var. Əvvəla Gəncə teatrını çox yaxşı tanıyıram. Aktyorların potensialına bələdəm. Bakıdan rayona o qədər aktyorun getməsi çox çətindir. Bu səbəbdən Gəncəyə yaxın rayonu seçdik. Gəncə teatrına və rəhbərliyinə də təşəkkür edirəm ki, bizə əllərində olan bütün dəstəyi göstərirlər. Özüm də Gəncədə doğulduğum üçün oraları yaxşı tanıyıram. Amma ümumiyyətlə niyə rayonda çəkmək istədik baxdım ki, serialların hamısı bir-birinə bənzəyir Bakıda çəkilir. Fərqlilik olsun istədim. İrəlidəki seriallarda Şabranda və Neftçalada da çəkilən serialarmız olacaq.

Keçmişə qayıtmaq imkanınız olsa Azərbaycan filmlərindən hansını yenidən çəkmək istərdiniz?

-Kollektivini nəzərə alsaq  ki, məhz həmin aktyorlar olacaq "O olmasın bu olsun” filmini çəkərəm. Çünki ordakı aktyorlar hamısı Azərbaycan filminin inciləridir.
 
Bizim keçən dəfəki qonağın sualı belə idi ki: "Aktyor üçün diplom önəmlidirmi”?

-Əgər istedad yoxdursa o diplomun heç bir dəyəri yoxdur. İstedadlı olanda təhsil olmuyanda yerində sadəcə sayırsan. İstedadın var sadəcə necə xərcləməyi bilmirsən. Elmini biləndə sən ona elmlə yanaşırsan. Daha düzgün xərcləyə bilirsən. Təhsil çox vacibdir. İncəsənətə normal qiymət verən bütün ölkələrdə bu inustut var.

Bizim növbəti qonağımıza sualnızı verin…

Hamı üçün onun həyatı bir nüsxədən ibarət orginal bir əsərdir. Öz həyat romanını yazmış olsaydı adını nə qoyardı?...

Tamaşaçılara son sözünüz...

50 yaşımın tamam olmağına az qalıb. Özümü qoca saymıram, amma az yaş da deyil. Mən hamıya sevməyi arzu edirəm. Onda həyat gözəl olur. Günəş də daha yaxşı parıldayır. Çalışın çox sevin...Həyat bir addım sonrası görünməyən qaranlıq bir yoldur...Heç kim sığortalanmayıb. Bu mənim sonuncu müsahibəm də ola bilər. Həyata etibar yoxdur. Ona görə hər zaman dəyərli olmağa çalışın…
 
Gülnar Nazimqızı
Mahir Rüstəmli
 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM