"Məni güldürərək pis günlərə sürükləyən bəla...."- "Patı" istifadəçisi ilə müsahibə

14:02 | 20.08.2021

"Məni güldürərək pis günlərə sürükləyən bəla...."- "Patı" istifadəçisi ilə müsahibə

"Mən yeni alanda "patı”nın qramı 110 manat idi, sonralar 35-40 manata düşdü. Hətta son zamanlarda daha aşağı qiymətə də bu maddəni təklif edənlər olub”, bunu  uzun müddətdir "patı” istifadə edən Renat Nağıyev (şərti ad - red.) anews.az-a müsahibəsində bildirib.

"17 yaşımdan fasilələrlə narkotik maddə qəbul edirəm. İlk narkotik istifadə etməyim evdəkilərin, xüsusən də, atamın məni çox sıxmasından bezdiyim dövrlərə təsadüf edib. 2015-ci il idi, dostum öz doğum günündə mənə təklif etdi, maraqlı gəldiyi üçün dadına baxmaq istədim və o ağ tozu burnuma çəkdim. Özümü rahat hiss edirdim, sanki bütün sıxıntılarım minimuma enmişdi.  Təzə başlayanda həmin dostum mənə pulsuz verirdi. 5-ci istifadəmdə artıq pul ilə almağa başladım. Təxminən 30 manat verirdim, aldığım maddəni 3-4 dəfəyə bitirirdim. İlk vaxtlar ancaq "buruna çəkirdim", damara vurmurdum.  Asılılıq artdıqca doza da artırdı. Artıq pul çatdıra bilmirdim, ona görə də başladım damarıma vurmağa. Son 2-3 ildə "patı”-dan da istifadə edirəm. Patı elə bir maddədir ki, insanın bütün enerjisini birdən-birə öldürür, əlləri əsir, gərgin olur. Yenidən qəbul etməli olursan ki, enerjin bərpa olunsun və bu hal ardıcıl olaraq davam edir. Bilirsiniz, mən yeni alanda "patı”nın qramı 110 manat idi, son zamanlar 35-40 manata düşüb. Zaman keçdikcə bu maddə məni ailə üzvlərimdən çox uzaqlaşdırdı.  Artıq evə gec-gec getməyə başlamışdım. Evə gedəndə də heç kimlə söhbət etmirdim. Kollec bitirmişəm, oradakı yoldaşlarımı da itirdim. Müəllimlərimin çoxu mənimlə əlaqəsini kəsib. İtkilərim çoxdur, saysız-hesabsız”, - deyə müsahibimiz söylədi.

İndi Renat Nağıyev narkotik istifadəsini tərgitmək istəyindən də danışdı:


"Tərgitmək istəyirəm. Düzdür, 2 aya yaxındır ki, qəbul etmirəm. Amma bəzi ərazilər var ki, ora gedəndə patı almaq istəyim yüksəlir. Onu da deyim ki, tərgitmək istəməyimin əsas səbəbi davranışlarımı idarə edə bilməməyimdir. Çox sevdiyim insanı belə incidirəmsə, deməli, vəziyyət çox gərgindir. 

Düşünürəm ki,  tərgitməyim burada olan çevrəm  ilə  alınmayacaq. Ona görə də Azərbaycandan uzaqlaşmaq üçün qonşu dövlətlərin birində özümə iş tapmışam.  Bu yaxınlarda gedəcəm ki, məni güldürərək pis günlərə sürükləyən bu  bəladan və bəlalılardan uzaqlaşım”. - deyə, Nağıyev əlavə etdi.


"İnsanların narkotikə başlamasına səbəb yalnız ailədaxili problemlərdirmi?"  Bu sualla narkoloq Zamin Əliyevə müraciət etdik.  
 


Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Zamin Əliyev  narkotik maddələrdən istifadəyə başlamanın  müxtəlif səbəblərdən qaynaqlandığını bildirdi.


"Narkotik istifadəsinə məcbur edən bioloji, sosial-psixoloji və şəxsi-psixoloji hiss faktorları mövcuddur. Bioloji faktoru belə deyə bilərik ki, irsiyyətində alkoqolizmə meyillilik olur, müəyyən travmatik xəstəliklər keçirə bilir və bundan sonra beyində potologiyalar yarandıqda narkotikə meyl etmə hadisəsi baş verə bilir. Travma dedikdə, şüurun itirilməsi prosesi nəzərdə tutulur. Ailəsində alkoqol və psixoaktiv maddə qəbul edən valideyn varsa, o da böyük təsir göstərir. Şəxsiyyət pozuntusu olan şəxslərdə  depressiv vəziyyətlər də narkotikə meyl yaradır. Sosial-psixoloji faktorlar dedikdə isə ailə tərkibində düzgün tərbiyənin olmamasını və problemli  ailədə böyüyən gənci misal çəkə bilərik.  Şəxsi-psixoloji risk amilləri dedikdə isə gənclərin bir qrupunda inamsızlıq və bir sıra davranış pozuntuları nəzərdə tutulur.  Ümumillikdə isə ətrafındakılar narkotiki təbliğ edir, həmin şəxsdə bu maddələrə maraq yaranır və bir dəfə sınaq üçün istifadə edir. Hər şey də beləcə  başlayır”, - deyə Zamin Əliyev bildirdi. 

Zamin Əliyevin sözlərinə görə, yarım sintetik və sintetik narkotik maddələr, xüsusən də "patı" daha tez asılılıq yaradır:

"Narkotik maddələrdən asılı olan şəxslərdən analiz topladıqda görürük ki, aludəçilər əvvəlcə az təsir edən narkotik, məsələn, marixuana qəbul edirlər. Müəyyən müddət keçdikdən sonra isə daha çox təsir edən narkotik maddə qəbuluna başlayırlar. 
 

Narkotik maddələr  təbii, yarım sintetik və sintetik  olaraq 3 qrupa bölünür. Hər 3 qrupdan istifadə asılılıq yarada bilir. Asılılıq əvvəlcə psixoloji olur, mütəmadi istifadədən sonra isə fiziki asılılıq yaranır. Təbii narkotik maddələrdən  istifadə edənlərin ondan fiziki asılı olması uzun müddət alır. Psixoloji asılılıq isə bir neçə istifadən sonra yaranır. Lakin yarım sintetik və sintetik maddələr, xüsusən də "patı” qısa müddətdə fiziki və psixoloji asılılıq yaradır. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra istifadəçilərdə əzginlik, halsızlıq, təşviş, həyəcan hissi baş qaldırır, onsuz yaşaya bilməyəcəklərini düşünürlər. Bundan sonra fiziki asılılıq –  ürəkbulanma, qusma, ishal, tərləmə, əllərdə əsmə, bəzən hərarətin yüksəlməsi yaranır. Həmçinin, dəridə yaralar, qaraciyərdə xəstəliklər meydana çıxır, cinsi fəaliyyəti aşağa düşür. Patı aludəçiləri kiminsə onları təqib etdiyini də düşünür". 


Zamin Əliyev narkotik aludəçilərinin yaşı ilə bağlı statistikanı da diqqətə çəkdi. Onun sözlərinə görə, statistikaya əsasən 25-45 yaş arası olan şəxslərdə aludəçilik daha çoxdur. Ümumi nəzər salsaq, narkotik istifadəçiləri arasında 18-65 yaş arası insanlar var. Xəstələrin arasında qadınlara da rast gəlinir.  Lakin digər ölkələrlə müqayisədə Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı azdır. "Təəssüf ki, bəzən xanımlara  arıqlamaq üçün "patı" istifadə etməyi məsləhət görürlər”, - deyə narkoloq əlavə etdi.
 


Bəs, "patı” və digər narkotik maddələr insanların arıqlamasına kömək edirmi?

Həkim-dietoloq Leyla Zülfüqarlı bildirdi ki, insanı iştahdan kəsən, ac saxlayan vasitələr  orqanizmə zərərlidir.


"Narkotik vasitələrdən arıqlamaq üçün istifadə edənlərin də əsas məqsədi iştahı kəsməkdir. Bu maddə də orqanizmdə dopinq effekti yaradır. Narkotik vasitə orqanizmin enerji resurslarından istifadə etməklə insanı gün ərzində ac saxlayır. Bununla da qadınlar ac qalaraq arıqlayacağını düşünür. Bu, tamamilə yanlışdır. İnsan ac qalaraq arıqlamamalıdır”.


Respublika Narkoloji mərkəzinin psixoloqu Ramin Allahverdiyev narkotik istifadəçilərini mühakimə etməyin və günahlandırmağın  yanlış olduğunu bildirdi:



"Küçə adı "patı”, "şüşə”, "kristal” kimi bilinən metanfetaminin maddəsindən asılı olan şəxslərdə belə fikir olur ki "mən asılı deyiləm, sadəcə arada istifadə edirəm”. Onlar elə düşünür ki, müalicəyə ehtiyacları yoxdur. Çünki onlar maddə qəbulu zamanı özlərinə güvəni, güc və enerjiləri çox olur və özlərinə məxsus komfort zonaları yaranır. Artıq ailə üzvləri müdaxilə etdikdə isə onların komfort zonasını əllərindən alındığı üçün konfiliktlər meydana gəlir. 
Belə olduqda ailələrə əsas məsləhətimiz aludəçi olan övladlarını günahlandırmadan, mühakimə etmədən onlarla söhbət etməyi bacarmaqlarıdır. Düzgün ünsiyyət təşkil etmək vacibdir. Həmin şəxsləri məcburi və ya mükafatlandırma ilə müalicəyə yönləndirmək qəbuledilməzdir”, - deyə Ramin Allahverdiyev əlavə etdi.


Psixoloqun sözlərinə görə, müalicə  mərhələsi iki hissədən ibarət olur: dərman və psixoterapiya. Dərman terapiyası 10-12 gün davam edir :


"Bu  dövrdə o fiziki ağrılardan, toksik maddələrdən xilas olur. Lakin bu işin yalnız 10 faizidir. Əsas mərhələ isə düşüncələrlə işləməkdir. Reabilitasiya hesab edilən bu mərhələ 6 ay davam edir. 


Müalicə bitdikdən sonra isə həmin  şəxs evinə geri dönür. Şəxsin ailə üzvləri ilə mütəmadi əlaqələr yaradılır. Ailə üzvləri onunla demokratik üslubda münasibətlərini qurmalı, heç bir halda narkotik maddələri xatırladılmamalıdır. Məsələn, şübhəcil davranış və fikirlərə yol vermək, keçmişdəki davranışlarını ona xatırlatmaq qətiyyən olmaz. Dost mövqedə dayanıb, o şəxsə dəyər vermək şərtdir. 


Maddə asılılığında sağalmaq deyilən bir anlayış yoxdur, xroniki beyin xəstəliyi olduğu üçün ömrünün sonuna kimi nəzarətdə olmalıdır”- deyə, mütəxəssis bildirdi.
 



Daxili İşlər Nazirliyindən verilən statistikaya görə, cari il ərzində 3 101 nəfər cinayət məsuliyyətinə cəlb olunub. 


Həmin şəxslərdən 1 772 nəfəri narkotik maddələrin və psixotrop vasitələrin satışını təşkil edən şəxslər olub. Həmin şəxslərdən 2 297 kiloqram narkotik vasitə və 207 kq psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Təkcə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən isə 1 025 kq narkotik vasitə və 123 kq "patı” və "şüşə” adlanan psixotrop maddə - metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.  Ölkə ərazisində onlayn satışla bağlı 600 kq-a yaxın narkotik vasitə və 150 kq-dan artıq psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu, psixotrop maddə də "patı”, yaxud "şüşə” adlanan metamfetamindir.Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əlimizdəki faktlara əsasən daha çox narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinin, satışının təşkil olunduğu yer Bakı şəhəridir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi daha çox Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında təşkil edilir. Həmin rayonlarda istifadəçi sayı da daha artıqdır. Eləcə də Gəncə şəhərində, cənub bölgələrində də narkotik vasitələrdən istifadə geniş yayılıb.
 


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov narkotik aludəçiliyi, eləcə də narkotik istifadəçiləri ilə bağlı artımın qeydə alınmadığını söylədi.


"Son 5 ili əvvəlki 10-20 illə müqayisə etsək, azalmanın olduğunu müşahidə edə bilərik. Nümunə üçün deyə bilərəm ki, yetkinlik yaşına çatmayanlar arasında narkotiklərin satışı ilə bağlı açılan cinayət işləri 2020-ci ildə yalnız dörd fakt olub. Narkotik istifadəçiləri arasında uşaqların sayında da azalma var. Bu cür problemlərin aradan qaldırılması Dövlət Komitəsinin prioritet məsələlərindən biridir. İnsanlarda markotik və ya alkoqol asılılığının aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən bir çox maarifləndirici tədbirlər həyata keçirilir. Bütün bu işləri QHT-lərlə bərabər regionlarda da aparırıq. Nəticə oktyabr ayında ictimaiyyətə təqdim olunacaq”, - deyə Elgün Səfərov bildirdi. 


Narkotik aludəçisinin reabilitasiyası, yalnız asılılığın sağlamlığını və şəxsiyyətini bərpa etməyə deyil, həm də onu tam bir həyata qaytarmağa yönələn kompleks bir tədbirdir. Azərbaycanda da narkotiklə mübarizə üçün bir çox reabilitasiya mərkəzləri fəaliyyət göstərir. 


Restart reabilitasiya mərkəzinin proqram direktoru Niyaz Allahverdiyev 12 addım proqramından danışdı.



Niyaz Allahverdiyev bildirdi ki, özü 8 il ağır narkotik istifadəçisi olub:


"Mən uzun müddət narkotik maddə qəbul etmişəm. Lakin tərgitmək istədiyirdim, buna görə də müxtəlif üsulları sınayırdım. Sonralar 12 addım proqramı ilə tanış oldum. Proqram vasitəsi ilə təkcə narkotikdən istifadəni dayandırmadım, bütün həyatım dəyişdi.Proqram keçən əsrin 30-cu illərində Anonim Alkoliklər Cəmiyyəti tərəfindən icad edilib. Qrup keçmiş alkoqol bağımlısı Bill Wilson tərəfindən qurulub. Proqramda dini prinsiplərə əsaslanan bir məna var idi.  Sonralar bütün asılılıqlardan müalicədə istifadə edilən bu proqram milyonlarla insanı xilas edil. Proqram insanın bioloji, sosial, psixoloji və mənəvi sferasında böyük rol oynayır. İnkişaf proqram çərçivəsində pasiyentlərin  gündəlik cədvəli olur. Yemək və yuxu sistemləri də qaydasına düşür”- deyə, mərkəzin proqram direktoru bildirdi. 


Niyaz Allahverdiyevin sözlərinə görə, 1 il davam edən bu programda insanın uğur qazanacağı göstərilir. Restart reabilitasiya mərkəzi də məhz bu proqramın icrası üçün təsis edilib :


"Bir ildən çoxdur fəaliyyət göstərən mərkəzimizin əməkdaşları kimyəvi asılılıq sahəsində mütəxəssisdir. Özləri keçmiş aludəçi olan bu şəxslər təcrübələrindən istifadə edərək onlarla adama asılılqdan xilas olmaq yolanda kömək edir.  Mərkəzimizdə hazırda 20 gənc müalicə alır, 18 gənc isə müalicəsini bitirərək, məzun olub. Mərkəz müalicə alan hər kəsin anonimliyi tam formada qorunur”, - deyə Niyaz Allahverdiyev məlumat verdi.

Sosial şəbəkələrdə ölkə ərazisində narkotik vasitələrin, psixotrop maddələrin istehsal edilməsi ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi (DİN)  bu məlumatları əsassız hesab edir:


"Azərbaycanda narkotik maddələrin istifadə edilməsi ilə əlaqədar şübhə doğuran məqamlar yoxlanılıb. Nəticədə narkotik vasitələrin, psixotrop maddələrin, o cümlədən "patı” adlandırılan metamfetaminin ölkə ərazisində istehsal olunması ilə bağlı hər hansı bir fakt müəyyən olunmayıb. Narkotik maddələr ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilir. Bununla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları və digər hüquq mühafizə orqanları tərəfindən əməkdaşlıq formasında bir sıra tədbirlər həyata keçirilir. Narkotik maddələri istehsal edən Asiya ölkələri istehlakçı ölkə olan Avropa ölkələrinə narkotik vasitələrin daşınması üçün Azərbaycan Respublikası ərazisini tranzit zona kimi istifadə edir. DİN bununla bağlı müvafiq tədbirlər həyata keçirərək narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısını alır və bu işlə məşğul olan şəxslər cinayət məsuliyyətinə cəlb olunur” - deyə, DİN-dən verilən məlumatda bildirilib.


Mütəxəssislər bildirir ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər – narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. İl ərzində hər bir təcrübəli narkotik istifadəçisi orta hesabla 4 nəfəri narkotikə cəlb edir, bunların da əksəriyyəti uşaq və gənclərdir. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Gəncləri sözügedən bəladan xilas etməyin tək yolu isə uşaq yaşlarından başlayaraq ona narkotik  maddələrin zərərlərindən danışmaq, həmin insanların düzgün mühitdə böyüməsini təmin etməkdir. Bu isə yalnız valideynlərin deyil, bütün insanların birlikdə edə biləcəyi bir işdir.


Hazırladı: Ləman Qasımova


İSTİQAMƏT: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
 
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti