Mənzil probleminin həlli üçün yeni təklif

16:40 | 27.02.2015
Mənzil probleminin həlli üçün yeni təklif

Mənzil probleminin həlli üçün yeni təklif

Azərbaycanda əhalinin mənzil probleminin həll edilməsi ilə bağlı yeni təklif irəli sürülüb.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, dövlət təşkilatlarına, komitələrə və yaxud şəxsi iş adamlarına dövlət tərəfindən güzəştlər verilə bilər ki, onlar da öz işçiləri üçün sosial mənzillər tikə bilsinlər.

M.Quliyev qeyd edib ki, burada vergi güzəştləri, sənədləşdirmə və s. məsələlərdə güzəştlər tətbiq edilə bilər.

Millət vəkili hesab edir ki, bu yolla mənzil məsələsini daha səmərəli şəkildə həll etmək olar: "Yoxsa, təkcə dövlətin ayırdığı ipoteka kreditləri ilə bu böyük problemi həll etmək mümkün olmayacaq. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bəlkə də yaxşı olardı ki, mənzil təminatı ilə bağlı bir dövlət proqramı qəbul olunsun və orada hər kəsin vəzifələri, səlahiyyətləri qoyulsun”.

M.Quliyev Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Məclisə təqdim etdiyi hesabatda güzəştli ipoteka krediti üzrə gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğin minimuma endirilməsi və ya ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifi məqsədəuyğun hesab edir.

Millət vəkili hesab edir ki, təkcə gənc ailələr üçün deyil, ümumiyyətlə, güzəştli kateqoriyalarda ilkin məbləğ ya minimum olmalı, ya da heç olmamalıdır: "Çünki ipoteka ilə verilən mənzillər elədir ki, kredit tam ödənilməmiş ev vətəndaşın şəxsi mülkiyyətinə çevrilmir. Yəni ödənişdə hər hansı bir problem yarandığı halda, istənilən vaxt məhkəmə qaydası ilə mənzili geri qaytarmaq olar. Ona görə də həmin mənzillər üçün əvvəlcədən hər hansı ödənişin olub-olmaması o qədər də böyük təminat deyil”.

Ombudsmanın ipoteka kreditinin məbləğinin artırılması təklifinə gəlincə, M.Quliyev bunun üzərində düşünmək lazım olduğunu bildirib: "Kreditin məbləğinin artırılması ilə bağlı da düşünmək olar. Amma kreditin məbləği artanda ümumi məbləğ də artacaq. Onda gərək ya verilən kreditlərin sayı azalsın, ya da gərək ipoteka üçün ayrılan ümumi vəsaitin məbləği artırılsın. İstənilən halda büdcəni nəzərə almaq lazımdır, yəni bu, dövlət büdcəsindən ayrılan vəsaitdir və ona görə də dövlət büdcəsindən nə qədər vəsaitin ayrıla biləcəyini də nəzərə almaq lazımdır. Digər tərəfdən, kreditin məbləği artırılarsa, kredit almaq şansı olan adamların sayı azala bilər ki, bu da o qədər məqsədəuyğun deyil".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM