Bəzi internet portallarında Azərbaycanın mənzil bazarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq, bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil. Əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilib. Doğrudur, mənzil satışı ilə məşğul olan bir sıra şəbəkələşmiş şirkətlər və ya ofislər süni şəkildə qiymət artımlarına çalışsalar da, belə tələbin azlığı fonunda bu uğurlu olmayıb.
Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspert bundan sonra mənzil bazarında qiymətlərin necə dəyişəcəyi ilə bağlı proqnozlarını da açıqlayıb: "Mənzillərin qiyməti birbaşa manatın bazar dəyərinin formalmasından asılı olacaq. Bir tərəfdən mənzil almaq istəyən və sayı az olmayan vətəndaşlarımız öz vəsaitlərini xarici valyutaya çevirərək daha uyğun məzənnə ilə pulu milliləşdirib ev almağı düşünürdülər. Digər tərəfdən isə manat stabillik əldə edərsə, bu, yığım-yatırımların həcmini artıra bilər. Manatın stabilliyinə nail olmaq mümkün olsa da, pulunu xarici valyutada saxlayan vətəndaşlarımızın əhəmiyyətli hissəsi vəsaiti daşınmaz əmlakda saxlamaq qərarı verə bilərlər ki, bu da bazardakı durğunluğun aradan qalxmasına səbəb ola bilər.
Eyni zamanda, bəzi mənzil sahibləri əvvəlki dövrlərdə evlərini daha tez satıb pulunu xarici valyutada saxlamağa üstünlük verirdilər ki, bunların da sayının azalacağı gözləniləndir. O baxımdan, əgər bu ilin birinci yarısında manat stabil qalarsa, o zaman ilin ikinci yarısında mənzil bazarında tələbin artması proqnozlaşdırılır. Təbii ki, bu halda tələbin artması baş versə belə, 2017-ci ildə mənzil bazarında kəskin qiymət artımları gözlənilmir. Çünki formalaşmış təkliflə tələb arasında uçurum çox böyükdür. Bunun optimallaşması üçün zaman tələb edilir. Amma əgər manatın stabilliyinə nail olmaq mümkün olmazsa, o zaman növbəti aylarda da mənzil bazarındakı durğunluq qalacaq. Bununla belə, valyuta bazarı stabilləşərsə və bu kontekstdən tələb artarsa, o zaman 2018-ci ilin əvvəlində müəyyən qiymət artımları istisna edilmir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !