Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ "ailə bələdiyyəsinə” çevrilə bilər.
Məlumatda üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafael Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumunun qeydə alındığı göstərilib.
"Namizədliyini irəli sürənlərin yarısı başqa-başqa insanlardlr. Sadəcə soyadları mənimki ilə eynidir. Düzdür, mənim ailəmdən də namizəd olanlar var. Nə olsun? Burda nə var ki? Bu qanunidir, biz heç bir qanunu pozmamışıq. Sadəcə olaraq namizədliyini verib, seçilməyib ki...
65 nəfər namizədin içərisində 4-5 nəfər bizim ailədən var. Namizəd olamaqda nə problem var axı? Sosial şəbəkələrdə yayılan siyahıda olanların yarısı heç bizim qohum deyil. Soyadları Cəfərovdur, yalandan yazırlar. Kiminsə soyadı Cəfərovdur deyə, o mənim qohumum olmalıdır?
Heç ordakı adamlarla əlaqəmiz yoxdur. Təsadüfi adamlardır, laborantdır, müəllimdir, heç tanımıram. Onlar arasında 4 nəfər bizim adam var, onlar da mənim qardaşlarımdır. Tanınmış adamlardırlar və 65 nəfər arasında namizədliklərini irəli sürüblər. Onların da seçilib-seçilməyəcəyi hələ sual altındadır. Kimə etimad göstərilir, kimə göstərilmir, bunu seçkilər göstərəcək. Kimsə mərdimazarlıq edir, kimsə qanunları bilmədən yazır, kimsə siyahıdakı adamları tanımadan yazır… Burada qeyri-qanuni və qəbahətli heç bir şey yoxdur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !