Merkel Rusiyanı Şərqi Avropanın işlərinə “müdaxilədə” ittiham etdi

17:29 | 08.12.2014
Merkel Rusiyanı Şərqi Avropanın işlərinə “müdaxilədə” ittiham etdi

Merkel Rusiyanı Şərqi Avropanın işlərinə “müdaxilədə” ittiham etdi

 
Almaniyanın "Die Welt am Sonntag”qəzetinə müsahibəsində xanım Merkel bildirib ki, Rusiya Moldova, Gürcüstan və Ukraynaya "problemlər yaradır”.

Almaniya kansleri Angela Merkel Rusiyanı Avropa İttifaqı ilə daha yaxın bağlara can atan Şərqi Avropa ölkələrinin daxili işlərinə müdaxilədə ittiham edib.

Almaniyanın "Die Welt am Sonntag”qəzetinə müsahibəsində xanım Merkel bildirib ki, Rusiya Moldova, Gürcüstan və Ukraynaya "problemlər yaradır”.

"Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmasına qətiyyən yol vermək olmaz” – deyib Almaniya kansleri.

Moldova, Gürcüstan və Ukrayna Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıblar.

Bu sazişə şübhə ilə yanaşan Moskva keçmiş sovet respublikalarını özünün yaratdığı Gömrük İttifaqına dartmağa çalışır.

Separatçıların arxasında Moskva durur


"Bizim şərq qonşuluğumuzda olan bu üç ölkə - Moldova, Gürcüstan və Ukrayna Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq kimi suveren addım atıblar” – deyib kansler "Die Welt am Sonntag” qəzetinə, - Rusiya bu üç ölkənin hamısına problemlər yaradır”.

Angela Merkel bildirib ki, Moskva Dnestrayanı, Abxaziya və Cənubi Osetiyada, habelə Ukraynanın şərqindəki separatçı hərəkatların arxasında durur.

Elə ötən ay Vladimir Putin Gürcüstandan qopmuş Abxaziya ilə "strateji əməkdaşlıq” barədə saziş imzalayıb.

Bu saziş NATO və Avropa İttifaqı tərəfindən qətiyyətlə pislənib.

Merkel Gürcüstan və Ukraynanı NATO-da görmür

Öz müsahibəsində xanım Merkel həmçnin vurğulayıb ki, Rusiya qərbi Balkan ölkələrini iqtisadi və siyasi baxımdan özündən asılı etmək siyasəti yürüdür.

Kansler qeyd edib ki, Avropanın Rusiyanın əməllərinə reaksiyası tamamilə düzgündür.

Angela Merkel həmçinin Ukraynanın və Gürcüstanın NATO-ya üzvlüyü barədə müraciətlərə alyansın 2008-ci il sammitində mənfi cavab verilməsi qərarını dəstəkləyib, lakin əlavə edib ki, NATO Şərqi Avropanın ittifaq üzvü olan ölkələrinin müdafiəsini təşkil edəcək.

Ukraynadakı vəziyyət


Bu arada Ukraynanın özündə prezident Petro Poroshenko ölkə silahlı qüvvələrinə çərşənbə axşamı üçün razılaşdırılmış "sakitliyə” əməl etmək əmri verib.

Həmin gün münaqişə tərəfləri arasında yeni atəşkəsin şərtləri müzakirə olunmalıdır.

Qiyamçı qüvvələr də dekabrın 9-a elan edilmiş bir günlük atəşkəs çağırışına razılıqla cavab veriblər.

Sentyabrın 5-də Minskdə imzalanmış atəşkəs sazişi, demək olar ki, qüvvəyə minmədən pozulmağa başlamışdı.

Ukrayna və NATO Rusiyanı Ukraynanın şərqinə silah-sursat, texnika və canlı qüvvə göndərməkdə ittiham etmişdi.

Rusiya bu iddiaları rədd edib, prezident Vladimir Putin isə şənbə günü Fransa prezidenti Francois Hollande-la görüşündə Ukraynanın ərazi bütövlüyünə tərəfdar olduğunu bildirib.

Azadliq.org
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti