Mərkəzi Bank: 2015-ci ildə faiz dərəcələri aşağı salınacaq

13:06 | 30.12.2014
Mərkəzi Bank: 2015-ci ildə faiz dərəcələri aşağı salınacaq

Mərkəzi Bank: 2015-ci ildə faiz dərəcələri aşağı salınacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, AMB-dən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, qlobal iqtisadi mühitdən irəli gələn risklərə baxmayaraq cari ildə ölkədə makroiqtisadi sabitlik və milli iqtisadiyyatın əlverişli xarici mövqeyi qorunub, inflyasiya aşağı təkrəqəmli səviyyədə saxlanılıb, manat bir daha özünü sabit valyuta kimi təsdiq edib: "Mərkəzi Bank valyuta bazarındakı proseslərə çevik reaksiya verərək burada tarazlığı təmin edib. 2014-cü ildə iqtisadi tsikldəki meylləri nəzərə alaraq Mərkəzi Bank pul siyasətini yumşaldıb. İl ərzində dayanıqlı maliyyə sabitliyi təmin olunub, bank sektorunun iqtisadi artımda və investisiya fəallığının dəstəklənməsində rolu daha da artıb, maliyyə xidmətlərinə və resurslarına çıxış imkanları genişlənib”.

Bəyanatda bildirilib ki, 2015-ci ilin pul və məzənnə siyasəti qlobal iqtisadi risklər, milli iqtisadiyyatın strateji inkişaf çağırışları nəzərə alınmaqla həyata keçiriləcək. Eyni zamanda pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. "Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif amillərindən asılı olaraq dəyişəcək. Sosial rifahın və investisiya aktivliyinin qorunmasında mühüm rolunu nəzərə alaraq 2015-ci ildə də manatın məzənnəsinin sabitliyi mühüm prioritet olacaq. İqtisadi situasiyadan asılı olaraq iqtisadi artıma effektiv dəstək vermək üçün pul siyasətinin çevikliyi artırılacaq, bu siyasətin strateji çərçivəsinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək”, - deyə bəyanatda vurğulanır.

AMB növbəti ildə bank sektorunda maliyyə sabitliyinin təmin olunması üçün prudensial nəzarəti gücləndirəcək, kontrtsiklik tənzimləməni davam etdiriləcək. Bundan başqa, 2015-ci ildə də biznes kreditlərinə çıxış imkanlarının genişləndirilməsi, real sektorun kreditləşdirilməsinin stimullaşdırılması, bank-maliyyə infrastrukturunun inkişafı mühüm prioritetlər olacaq. Mərkəzi bank faiz dərəcələrinin azaldılması istiqamətində tədbirləri davam etdirəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM