Mərkəzi Bankdan sahibkarlara şad xəbər

14:23 | 20.02.2020
Mərkəzi Bankdan sahibkarlara şad xəbər

Mərkəzi Bankdan sahibkarlara şad xəbər

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin bugünkü qərarı ilə "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat yayıb. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

"Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilmişdir. Belə ki, hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynamışdır. Cari əməliyyatlar hesabı ilə yanaşı son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınmışdır.

Valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaqdır. Məlum olduğu kimi cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilmişdir. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olmuşdur",- Mərkəzi Bankdan bildirilib.

Yuxarıda adı çəkilən Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, əvvəl qüvvədə olan Qaydalara əsasən, xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mal 270 gün ərzində Azərbaycan Respublikasına idxal edilməli idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş  məbləğ geri qaytarılmadıqda sahibkarlıq subyektləri yüksək məbləğdə cərimə edilirdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM