Mərkəzi Bankın qərarı banklara necə təsir göstərəcək? - AÇIQLAMA
İqtisadiyyat
12:42 | 22.01.2014
Mərkəzi Bankın qərarı banklara necə təsir göstərəcək? - AÇIQLAMA
PAYLAŞ
İctimaiyyətin diqqəti yenidən bank sektoruna yönəlib. Çünki Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan müştərilərə istehlak krediti verməməsinə dair göstəriş verib. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Maraqlıdır, Mərkəzi Bankın bu addımı bank sektoruna, xüsusən də kredit bazarına necə təsir edəcək?Mərkəzi Bankdan ANN.Az-a bildiriblər ki, gəlirləri təsdiq edən sənədin tələb olunması yeni bir addım deyil və bu kredit risklərinin tənzimlənməsi, problemli kreditlərinin çoxalmasının qarşısının alınması məqsədini daşıyır.Avtomobillərin kreditlə satışına məhdudiyyət qoyulması ilə bağlı yerli mətbuatın yazdıqlarına gəldikdə isə Mərkəzi Bankdan belə bir rəsmi qərarın olmadığını bildirdilər.İqtisadçı ekspert Razi Abasbəyli ANN.Az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın arayışsız kreditlərlə bağlı tətbiq etdiyi qadağa bank sektorunda kredit portfelinə o qədər də təsir etməyəcək.R.Abasbəyli bunu faiz göstəriciləri ilə izah edib: “Çünki reallıqdan fərqli olaraq, Azərbaycanda arayışların təqdim olunması ilə kreditlərin verilməsi göstəriciləri ümumi kredit daxilolmalarının cəmi 3-7 faizini təşkil edir. Banklar arayışsız kreditləri əsasən o vətəndaşlara təklif edirdilər ki, həmin vətəndaşların bankda kredit tarixçəsi olsun. Hətta müstəsna hallarda bu kreditlərin bir vətəndaş üçün ümumi məbləği 500-1000 manatdan çox olmurdu. Bu baxımdan da Mərkəzi Bankın həmin qadağası bankların aktivlərinin azalmasına və ya kredit siyasətinin rentabelliliyinə o qədər də sərt təsir göstərməyəcək”.O, ölkədə bankların kredit faizlərinin həddən artıq yüksək olduğuna və Mərkəzi Bankın bu istiqamətdə heç bir addım atmadığına diqqət çəkib: “Mərkəzi Bankın əsas həyata keçirməli olduğu kredit faizlərinin aşağı salınması tələbidir ki, hələlik bunun da şahidi ola bilməmişik. Ölkədə bankların təklif etdiyi kreditlərin faizi o qədər yüksəkdir ki, onu arayışla alan vətəndaşlar qaytaran zaman yenə də problemlə üzləşəcəklər”.R.Abasbəyli avtomobil krediti ilə bağlı verilən göstərişin banklara ağır zərbə olduğunu bildirib: “Yenə də Azərbaycanda problemli kreditlər portfelində boşalma yaranmayacaq. Avtomobil satışı üzrə təklif edilən istehlak kreditlərinə məhdudiyyətin qoyulması isə banklar üçün kifayət qədər ağır zərbə olacaq. Düzdür, bu sahədə də problemlər kifayət qədər idi. Amma bank verdiyi krediti geri ala bilməyəndə vətəndaşın əmlakı olaraq avtomobilə yönəlməni təşkil edə bilirdi. Həm də bu sahədə bazarda mühüm dinamika mövcud idi. Belə bir qadağanın tətbiq edilməsi banklara ağır zərbədir. Və eyni zamanda gəlirləri ilə avtomobil bazarında tətbiq edilən qiymətlər tərs-mütənasib olduğundan bu insanların rifah halına da pis təsir göstərəcək”.SeymurANN.Az