Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi cari layihə portfeli və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə əlaqədar olaraq növbəti iki il üzrə mümkün maliyyələşmə proqramı, eləcə də bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilmişdir.
Görüşdə Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair ətraflı məlumat verdi.
DB-nin nümayəndə heyətinin rəhbəri H.Kerali ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirdi.
Görüşdə həmçinin, Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunmuşdur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !