Mərkəzi Mançester Kitabxanası – REPORTAJ

13:01 | 20.02.2015
Mərkəzi Mançester Kitabxanası – REPORTAJ

Mərkəzi Mançester Kitabxanası – REPORTAJ

Rüstəm Qasımov    
 
Kitabxana mədəniyyət ocağı, bilgi evidir. Burada dünyanın bütün yerindən olan insanların çoxillik əməyi cəmləşib. Əvvələr kitabları evdə saxlamaq zənginlik sayıldığı üçün insanlar evində kitabxanaya sahib idi. Amma indi zaman dəyişib, kitablara əvvəlki diqqət qalmayıb. Kitabxananı istənilən şəhərin qurur mənbəyi saymaq olar. Bu gün biz sizinlə ən qədim ingilis kitabxanalarından biri olan Mərkəzi Mançester Kitabxanasına səfər edəcəyik.



Bir az tarixi haqqında


Mərkəzi Mançester Kitabxanası şəhərin düz  mərkəzində «Town Hall Extension»da yerləşir. Kitabxana 1930-34-cü ildə Vinsent Harrisonun layihəsi əsasında tikilib. Qeyd etmək lazımdır ki, kitabxananın forması qədim roma arxitekturası olan Panteonun prototipi əsasında hazırlanıb. Kitabxana bütün Mançesterin kitabxanalarının və informasiya xidmətinin mərkəzi ştabı rolunu oynayır. Onun tərkibinə 22 kitabxana daxildir.

Binanın təsviri


20-ci əsrin tikilisi olan bu kitabxana öz böyüklüyünə görə göz qamaşdırır. O, orijinal dizaynı ilə fərqlənir. Belə ki, binanın mərkəzi hissəsində günbəz yerləşir və onun ətrafında böyük divarlar var. Buna görə günbəz binanın hündürlüyünü aşıb keçmir. Arxitektorun bu inanılmaz düşüncəsi mükkəməl şəkildə yerinə yetirilib.



Amma binanın bütün gözəlliyini ona quş baxışı ilə baxdıqdan sonra görmək olar. O zaman o, inanılmaz effektivliyi və böyüklüyü ilə insanı heyrətə salır.
 

Kitabxanaya daxil olarkən, böyük  arka və sütunlar bizi qarşılayır, geniş zal isə düz qarşımızda yerləşir.  Yuxarı baxdıqda tavanda gözəl rəsmlər və ingilislərin gerbini görürük.  





Burada kitabxanın işləmə saatları və pulsuz olduğu günləri göstərən lövhə var.




Zalda, sizin istənilən suallarınızı cavablandıracaq işçilər var. Bizə verilən cavabdan məlum oldu ki, Mançesterin bu kitabxanası yerli əhalinin daimi gəldiyi məkanlardan biridir. Binada sizi maraqlandıran məlumatları əldə etmək üçün komputer zalı və kitabxananın digər zalları haqında məlumat verən xəritələr yerləşir.





Birinci mərtəbədə sütunlarla möhkəmləndirilmiş dairəvi zalda arxiv və müxtəlif multi-media yerləşir. Burada Mançester haqqında məlumatlar daşıyan nadir arxiv sənədlərini oxuya, tarixi hadisələr, maraqlı faktlar haqqında video yazılara baxa və audio yazıları dinləyə bilərsiniz. Zalın sağ tərəfində yerləşən kafedə isə oturaraq kitab oxuya və kofenin dadını çıxarda bilərsiniz.


İkinci mərtəbəyə şüşəli lift və ya pilləkənlə qalxmaq mümkündür. Biz ikincini seçdik.





Kitabxanada azmaq mümkün deyil, çünki hər bir zalda onun haqqında məlumat verən və digər istiqamətləndirici məlumatlar daşıyan lövhə yerləşir.





Burada hətta Henri Vatsonun musiqili kitabxanası da var.





Oxu zalının giriş hissəsində biz divan və kreslolardan ibarət oturma yerləri gördük. Orada bir az istirahət etdikdən sonra  bu keçən əsrin böyük kitabxananasını yenidən seyrə çıxdıq.





İkinci mərtəbədə kitabların yığıldığı rəflər və qədim əlyazmalarının saxlandığı şüşədən yeşiklər var.





Bundan başqa, kitabxana haqqında maraqlı məlumatların olduğu  elektron məlumat lövhəsi var.



Nəhayət biz,  «Wolfson reading Room» adlanan oxu zalına daxil olduq.



Mənim zalda təəccübümə səbəb olan o idi ki, işıq çox təbii formada zala günbəzin yerləşdiyi yerdən daxil olurdu.


Mərkəzdə böyük konstruksiyalı saat yerləşirdi




Kitabxana öz böyüklüyü ilə heyrət doğurur. Zalın hər tərəfində kitablar yerləşir. Qeyd edək ki, rəflərin ümumi uzunluğlu 56 kilometr təşkil edir. Bu kitabxana nadir kitabların və kolleksiyaların yerləşdiyi sandığı xatırladırdı.  



 
 
Burada fəlsəfə, siyasət, elm, tibb, incəsənət, tarix və digər sahələrlə bağlı bütün növ kitabları tapmaq olar.  Burada kitabların və ensklopediyaların nadir nüsxələri də saxlanılır.





Mənim ən çox diqqətimiz çəkən tikilini və xüsusən də ağır günbəzi saxlayan sütunların çoxluğu idi.





Oxucu üçün burada bütün şərait yaradılıb. Kitabxanada böyük (14-16 nəfərlik) stollar olduğu kimi, kiçik (6 nəfərlik) stollarda da var.  Stolların mərkəzində oxucular üçün münasib vəziyyətdə duran lapmalar var.






Onu qeyd edək ki, şəhərlilər kitablara və qədim ədəbiyyata böyük maraq göstərir. Biz kitabxanada olduğumuz müddətdə orada həttə uşaqları ilə kitab oxumağa gələn oxucular gördük.  Uşaqlara kitabı lap kiçik yaşlarından sevdirmək çox vacibdir. Necə deyərlər, nə qədər tez, bir o qədər yaxşı.





Kitabxanada insana xoş gələn sakitlik və sükut hökm sürür. Bura baş çəkən insanlarla danışdıqda məlum oldu ki, onların çoxu tələbədir və bura semestr vaxtı  kitab oxumaq üçün gəlirlər. İmtahan vaxt isə bura tələbələrlə lap dolu olur.





Mançester şəhərinin qədim kitabxanasında  olmağımızda bizə köməklik göstərən Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətidir.

Beləcə, Mançesterdə səyahətimiz davam edir...

ANN.Az
 
 
















 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM